“31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (InterFood Azerbaijan) çərçivəsində keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirakçılar 11 ölkəni təmsil edirlər. Onlardan səkkizi milli komanda, üçü isə fərdi iştirakçı kimi yarışır”.


 


Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli deyib.


 


O bildirib ki, bu gün yarışda Özbəkistan və Azərbaycan komandaları çıxış edir:


 


"Hazırlanan yeməklərin resepti iştirakçılara təqdim olunmur, komandalar yalnız müəyyən tapşırıqlar əsasında çalışırlar. Tapşırıq odur ki, qəlyanaltı balıqla, əsas yemək isə can əti ilə hazırlanmalıdır. Bunun necə bişiriləcəyinə komandanın özü qərar verir. Heç kim onlara resept vermir”.


 


F.Aşurbəyli vurğulayıb ki, çempionatda əsas diqqət milli yeməklərin özünə deyil, aşpazların peşəkar bacarıqlarına yönəlib:


 


“Milli yeməklər üçün ayrıca kateqoriyalarımız var. Bunlara milli mətbəx, müasir milli mətbəx və “WorldChefs” tərəfindən təqdim edilən yeni “Heritage Competition”- yəni ənənəvi milli yeməklər çempionatı daxildir”.


 


O qeyd edib ki, Azərbaycanda hər il milli və müasir milli mətbəx üzrə ayrıca yarışlar təşkil olunur:




“Mətbəx canlı bir orqanizmdir, milli mədəniyyətimizin bir hissəsidir və daim inkişaf etməlidir. Necə ki musiqi və incəsənət inkişaf edir, mətbəx də yenilənir. Buna görə aşpazlarımızın beynəlxalq kulinariya trendlərini mənimsəməsi və onları yerli mətbəxdə tətbiq etməsi bizim üçün çox vacibdir”.


 


Fidan Hacızadə

Sfera.az