“Bu gün biz “Qızıl Şah” çempionatının ikinci günündəyik və artıq gördüyünüz kimi, nahar fasiləsindən sonrakı mərhələdəyik. Bu isə o deməkdir ki, günün əsas iştirakçı ölkələri olan Azərbaycan və Özbəkistan milli komandalarının menyuları artıq dequstasiya üçün təqdim olunub”.
Sfera.az xəbər verir ki, bu fikirləri 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində keçirilən zamanı Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin direktoru Səkinə Əsgərova səsləndirib.
O bildirib ki, hazırda yarış prosesi davam edir və fərdi kateqoriya üzrə iştirakçılar öz bacarıqlarını nümayiş etdirirlər:
“Buradakı həyəcan əvvəlki mərhələlərdən fərqlənir. Çünki bu dəfə yarış fərdi kateqoriya üzrə keçirilir. Yarışda ölkəmizlə yanaşı, Xorvatiya, Serbiya, Ukrayna, Gürcüstan və digər ölkələrdən ümumilikdə 12-yə yaxın iştirakçı yer alıb. Dünyaca tanınmış peşəkar aşpazlar burada öz güclərini sınayırlar”.
S.Əsgərova əlavə edib ki, çempionat sabah yekunlaşacaq:
“Sabah nahar fasiləsində Türkiyə və Pakistan milli komandalarının menyuları da dequstasiyaya təqdim olunacaq. Bundan sonra Worldchefs-in münsiflər heyəti tərəfindən nəticələrin hesablanması aparılacaq. Təxminən 2-3 saat ərzində ballar müəyyənləşdirildikdən sonra, günün ikinci yarısında VI “Qızıl Şah” çempionatının müxtəlif kateqoriyalar üzrə qalibləri və laureatları elan olunacaq”.
Fidan Hacızadə
Sfera.az