Hörmüz boğazında qalan gəmiləri xilas etmək üçün Trampın başlatdığı “Azadlıq Layihəsi”nin (Freedom Project) hansı səbəbdən dayandırıldığı bəlli olub.




Sfera.az xəbər verir ki, “NBC News”un ABŞ-nin yüksək rütbəli rəsmilərinə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ ordusuna ölkə ərazisindəki strateji nöqtələrdən istifadəni qadağan edib.


 


Bildirilib ki, rəsmi Riyad ABŞ hərbi təyyarələrinin “Şahzadə Sultan” aviabazasından qalxmasına və ölkənin hava məkanından istifadə etməsinə icazə verməyəcəyini Vaşinqtonun diqqətinə çatdırıb. Mənbələr qeyd edib ki, Donald Tramp ilə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman arasında baş tutan danışıqlarda razılıq əldə olunmayıb. Məhz bu diplomatik uğursuzluqdan sonra Tramp sosial media hesabından elan etdiyi əməliyyatı müvəqqəti dayandırmaq qərarına gəlib.Xatırladaq ki, ABŞ-nin Dövlət katibi Marko Rubio Ağ Evdə keçirdiyi brifinqdə İranın boğazı bağlaması nəticəsində 87 ölkəyə aid təxminən 23 min mülki şəxsin bölgədə köməksiz qaldığını açıqlayıb.


 


Qeyd edək ki, Tramp mayın 4-də “Azadlıq Layihəsi”nin başladığını elan etsə də, cəmi iki gün sonra – mayın 6-da əməliyyatın dayandırıldığını bildirməli olub. Hazırda bölgədə qeyri-müəyyənlik və gərginlik pik həddədir.


 


Bəsti Rəfizadə

Sfera.az