Dövlət Statistika Komitəsi 2025-ci ildə dövlət hesabına yaşayış sahəsi ilə təmin olunan ailələrin sayına dair rəsmi göstəriciləri açıqlayıb.




Sfera.az Komitəyə istinadən xəbər verir ki, cari ildə ölkə üzrə ümumilikdə 4802 ailə dövlət hesabına mənzillə təmin olunub.




Məlumata əsasən, yaşayış sahəsi ilə təmin edilən ailələrin sayına görə ilk yerdə Qarabağ iqtisadi rayonu qərarlaşıb. Belə ki, bölgədə 3030 ailə mənzil əldə edib. Bakı şəhəri üzrə isə bu göstərici cəmi 167 ailə olub. 




Statistik göstəricilərdən görünür ki, mənzillə təmin olunanlar arasında ən böyük pay məcburi köçkün ailələrinə məxsusdur. Belə ki, ölkə üzrə 4370 məcburi köçkün ailəsi yaşayış sahəsi ilə təmin edilib.




Bununla yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin, yəni qazi ailələrinin 229-u mənzillə təmin olunub. Şəhid ailələri arasında isə 158 ailəyə mənzil verilib.




Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular arasında 13 ailə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular arasında isə 18 ailə dövlət hesabına mənzil əldə edib. Eyni zamanda, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələri üzrə 5 ailə yaşayış sahəsi ilə təmin olunub.




Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlardan isə 8 ailəyə mənzil verilib.




Bəsti Rəfizadə

Sfera.az