“Azadlıq layihəsi” əməliyyatı yarımçıq saxlanılıb. Əməliyyatın dayandırılması Pakistanın xahişi ilə əlaqələndirilsə də, bəzi iddialara görə, əsas səbəb Körfəz ölkələrindən gözlənilən dəstəyin alınmamasıdır. Digər tərəfdən, “NBC News” telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin təhlükəsiz tranzitini təmin etmək məqsədilə planlaşdırdığı “Project Freedom” (“Azadlıq layihəsi”) əməliyyatına dəstək verməkdən imtina edib.
Bəs Körfəz ölkələri İranla qarşıdurmaya getməkdən niyə çəkinirlər?
Sfera.az-a açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, Körfəz ölkələrinin İranla açıq qarşıdurmadan yayınmasının bir neçə strateji, iqtisadi və təhlükəsizlik səbəbi var:
“Bu ehtiyatlı yanaşma xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi dövlətlərin son illərdəki siyasətində daha aydın görünür. Burada birinci əsas məsələ enerji təhlükəsizliyi və iqtisadi sabitlikdir. Məlumdur ki, Körfəz ölkələrinin iqtisadiyyatı neft və qaz ixracından asılıdır. Mümkün hərbi eskalasiya birbaşa Hörmüz boğazı üzərindən enerji daşımalarına risk yaradır. İranla hərbi gərginlik sığorta xərclərinin artmasına və enerji bazarlarında şoka səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, ikinci mühüm amil coğrafi risklərdir:
“Körfəz monarxiyaları anlayır ki, İranla mümkün müharibə birbaşa onların ərazisini hədəfə çevirəcək. 2019-cu ildə "Saudi Aramco" obyektlərinə edilən hücumlar göstərdi ki, İran və ya onun regional müttəfiqləri enerji infrastrukturunu asanlıqla hədəf ala bilər. Üçüncüsü isə son illərdə regionda diplomatik normallaşma meyillərinin güclənməsidir. 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası göstərdi ki, region ölkələri üçün prioritet qarşıdurma deyil, sabitlikdir”. E.Ənvəroğlu qeyd edib ki, ABŞ-yə olan etimadın azalması da mühüm rol oynayır: “Körfəz ölkələri hesab edir ki, Vaşinqton regionda uzunmüddətli təhlükəsizlik zəmanəti verməyə əvvəlki qədər hazır deyil. İranın həm də Hizbullah və husilər kimi geniş proksi şəbəkəsinə malik olması hər hansı qarşıdurmanın sürətlə genişmiqyaslı regional böhrana çevrilməsi riskini artırır. Bu baxımdan, "Project Freedom" əməliyyatından yayınmaq bu ölkələrin zəifliyindən deyil, regional müharibə risklərini düzgün qiymətləndirməsindən irəli gəlir”.
Fidan Hacızadə
Sfera.az