ABŞ-nin keçmiş prezidenti Corc Buş yenidən diqqət mərkəzinə düşüb. Buna səbəb onun ABŞ-nin sabiq birinci xanımı Mişel Obama üçün hazırladığı qeyri-adi hədiyyə olub.


 


Sfera.az xəbər verir ki, bu barədə “Today Show” proqramında Buşun qızı Cenna Buş Haqer məlumat verib. Onun sözlərinə görə, Obamanın Prezident Mərkəzinin açılışı münasibətilə Corc Buş Mişel Obamaya xüsusi olaraq bir qutu “Altoids” nanəli konfet hədiyyə etməyi planlaşdırır. “Bəli, o, bütöv bir qutu Altoids sifariş edib və onu xanım Obamaya verməyə hazırlaşır”,– Cenna bildirib.


 


Verilişin aparıcısı Savanna Qatri isə qeyd edib ki, bu jest illər əvvəl baş vermiş məşhur hadisəyə işarədir. Söhbət 2018-ci ildə senator Con Mak Kainin dəfn mərasimində yaşanan viral görüntüdən gedir. Həmin vaxt Corc Buş mərasim zamanı sakit şəkildə Mişel Obamaya konfet uzatmışdı. Bu an sosial şəbəkələrdə geniş yayılmış və siyasi fərqliliklərə baxmayaraq onların səmimi münasibətinin simvoluna çevrilmişdi. Corc Buş sonradan verdiyi müsahibədə həmin hadisəni belə izah etmişdi:


 


“Mən belə tədbirlərdə bir az həyəcan keçirirəm. Mişelin yanında oturmuşdum və zarafatlaşırdıq. Sadəcə ona bir “Altoids” verdim. Bu zarafat deyildi, düşündüm ki, bəlkə ehtiyacı olar”.


 


Keçmiş prezident əlavə edib ki, sonradan internetdə trendə çevrildiyini belə anlamayıb: “Mərasimdən sonra mənə dedilər ki, trenddəsən. Mən isə bunun nə demək olduğunu belə bilmirdim”.


 


Corc Buş və Mişel Obama arasında baş verən bu cür səmimi anlar əvvəllər də dəfələrlə ictimaiyyətin diqqətini çəkib. Onlar müxtəlif rəsmi tədbirlərdə, anım mərasimlərində və ictimai çıxışlarda isti münasibət nümayiş etdiriblər. Buş daha əvvəl bu münasibətlərin cəmiyyət üçün vacib mesaj verdiyini də vurğulamışdı:


 


“İnsanlar respublikaçı ilə demokratın yalnız siyasətçi kimi deyil, adi insanlar kimi də ünsiyyət qura bildiyini görməkdən məmnun olur”.


 


Qeyd edək ki, Obama Prezident Mərkəzinin açılış mərasimində ABŞ-nin yaşayan bütün keçmiş prezidentlərinin iştirak edəcəyi gözlənilir. Tədbirin Buş və Mişel Obamanın məşhur “dostluq duetinin” növbəti maraqlı anlarından birinə çevriləcəyi ehtimal edilir.


 


Firuzə Əliyeva


Sfera.az