2026-cı ilin mart-aprel aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərracı keçirməyib. Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
“Buna səbəb valyuta bazarında təklifin tələbi üstələməsidir. Odur ki, biz apreldə bazara 1 milyard ABŞ dolları məbləğində alışyönümlü müdaxilə etdik. Dedollarlaşma proseslərinin davamını müşahidə edirik. Mart ayının nəticələrinə əsasən, rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 28%-ə düşüb. Bu isə ötən ilin eyni dövrü ilə nisbətdə 2,1 faiz bəndi azalma deməkdir. Ümumiyyətlə, həm nağd, həm də qeyri-nağd valyuta bazarında əhalinin manata inamının artmasını, gözləntilərin sabit olmasını müşahidə edirik. Çox güman ki, yaxın 2-3 ayda bazarda vəziyyət dəyişməyəcək. Hətta ilin sonuna doğru növbəti alışyönlü müdaxiləmiz ola bilər”, – deyə o qeyd edib.
Sədr əlavə edib ki, valyuta hərraclarının keçirilməməsi bazarda tələbin olmaması demək deyil:
“Tələb var, lakin banklar valyutanı bir-birindən almaqla bu tələbi ödəyirlər. Ay ərzində banklararası valyuta bazarında 15-20 əqd bağlanılır ki, bunların da dəyəri on milyonlarla manat təşkil edir”.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Cəfərov bildirib ki, dünya bazarında neftin qiymətinin 100 dolların üzərində olması ölkəyə daxil olan xarici valyuta axınını əhəmiyyətli dərəcədə artırıb:
“Bu amil daxili bazarda manatın məzənnəsi ilə bağlı narahatlıqlarını minimuma endirib. Neft gəlirlərinin artması həm də bazara psixoloji təsir göstərir; əhali və şirkətlər başa düşür ki, yaxın perspektivdə milli valyuta üçün risk görünmür. Bu isə dollarlaşma meyillərini zəiflədir”.
Ekspertin fikrincə, hərraclarda tələbin azalması həm də bank sektorundakı likvidliklə bağlıdır:
“Bank sistemində dollar qıtlığı yoxdur. Əgər əvvəllər banklar müştəri tələbini ödəmək üçün Mərkəzi Bankın hərraclarına müraciət edirdilərsə, hazırda bu tələbi daxili resursları hesabına qarşılayırlar. Digər tərəfdən, manatın sabitliyi insanların davranışını dəyişib; artıq vəsaitləri devalvasiya riskindən qorumaq üçün dollarda saxlamağa ehtiyac duymurlar”.
Bəsti Rəfizadə
Sfera.az