ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşdiyi bir dövrdə tərəflər arasında mümkün dialoq məsələsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.


 


Rəsmi Vaşinqton və Tehran arasında birbaşa təmasların məhdud olması fonunda vasitəçi ölkələrin rolu da diqqət mərkəzindədir. Bu kontekstdə neytral siyasəti ilə tanınan İsveçrə yenidən diplomatik platforma kimi gündəmə gəlib.


 


İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melani Qugelmann bildirib ki, İsveçrə hökuməti ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır.


 


Maraqlıdır, İsveçrə Vaşinqton-Tehran danışıqlarında vasitəçi ola bilərmi?


 


Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, İsveçrənin ABŞ və İran arasında mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan etməsi təsadüfi deyil.


 



 


Onun sözlərinə görə, bu ölkə uzun illərdir beynəlxalq diplomatiyada neytral vasitəçi imici formalaşdırıb və xüsusilə Vaşinqton-Tehran münasibətlərində “etibarlı kanal” rolunu oynayıb:


 


“İsveçrə 1980-ci ildən etibarən ABŞ-nin İranda maraqlarını qoruyan ölkə kimi çıxış edir və tərəflər arasında dolayı diplomatik əlaqələrin saxlanılmasında mühüm rol oynayır. Buna görə də Cenevrənin danışıqlar məkanı kimi gündəmə gəlməsi həm siyasi, həm də diplomatik baxımdan real görünür”.


 


Politoloq qeyd edib ki, İsveçrənin tam mənada vasitəçi olması yalnız texniki platforma təqdim etməsi ilə məhdudlaşmır:


 


“Burada əsas məsələ ABŞ və İranın qarşılıqlı siyasi iradə nümayiş etdirməsidir. Hazırda regionda gərginlik yüksək olaraq qalır və tərəflər arasında ciddi etimad böhranı mövcuddur. Buna baxmayaraq, İsveçrə kimi neytral aktorun iştirakı dialoq mühitinin yaranmasına və gərginliyin müəyyən qədər azaldılmasına töhfə verə bilər. Xüsusilə nüvə proqramı, sanksiyalar və Hörmüz boğazı ilə bağlı məsələlərin müzakirəsində İsveçrənin diplomatik təcrübəsi tərəflər üçün qəbul edilən platforma rolunu oynaya bilər”.


 


Niyaz Hacıyev


Sfera.az