Fransız millət vəkilləri beynəlxalq hüququ və insan haqlarını kobud şəkildə pozan İsrailin bu il Avstriyada keçiriləcək "Eurovision-2026" mahnı müsabiqəsindən kənarlaşdırılmasını tələb ediblər.
Sfera.az xəbər verir ki, fransız deputatlar İsrailin Qəzzadan sonra Livanı da hədəf alan dağıdıcı hərbi strategiyasına kəskin reaksiya göstəriblər.
Onlar qeyd ediblər ki, 2026-cı ilin mart ayından bəri bu hücumlar nəticəsində yüzlərlə uşaq daxil olmaqla, 2 min 500 nəfər həyatını itirib, 1 milyondan çox insan isə didərgin düşüb.
"Boyun əyməyən Fransa" (LFI) partiyasının deputatı Tomas Portes və Avropa Parlamentinin üzvü Rima Hassan "L'Humanite" qəzetində dərc etdikləri bəyanatda İsraili sərt tənqid ediblər. Onlar İsraili "21-ci əsrin ilk soyqırımını törədən və beynəlxalq humanitar hüququ sistematik şəkildə pozan ölkə" kimi xarakterizə edərək, bu ölkənin musiqi müsabiqəsində iştirakının qəbuledilməz olduğunu bildiriblər.
Millət vəkilləri İsrailin hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törətdiyini vurğulayaraq bildiriblər:
"Qəzzada insanlar hələ də elektrik, su və dərman kimi ən zəruri ehtiyaclardan məhrum vəziyyətdə yaşayırlar. Bu cinayətləri törədən dövlətin 'sülh və birlik' rəmzi olan bir yarışmada yeri yoxdur”.
Xatırladaq ki, 12-16 may tarixlərində Avstriyanın paytaxtı Vyanada keçiriləcək "Eurovision-2026" öncəsi İsrailə qarşı etirazlar və boykot çağırışları bütün Avropa boyu sürətlə yayılır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinad edən deputatlar son iki ildə Qəzzada 72 mindən çox fələstinlinin qətlə yetirildiyini və hazırda qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin hücumlarının davam etdiyini diqqətə çatdırıblar.
Bəsti Rəfizadə
Sfera.az