Təxminən 150 sərnişin daşıyan MV Hondius kruiz gəmisində hantavirusun yayılması dünya miqyasında narahatlıq doğurub.
Sfera.az bildirir ki, səkkiz yoluxma halı qeydə alınıb və üç sərnişin vəfat edib. Qalan xəstələr müalicə olunur. Ümumdünya Səhiyyə Təşkilatı infeksiyanın qlobal miqyasda yayılması təhlükəsi ilə bağlı “EuroNews” və “BBC”yə cavab verib.
Hantavirusun yayılması təhlükəsi varmı?
ÜST-ün yoluxucu xəstəliklər üzrə epidemiologu Maria Van Kerkhove mətbuat brifinqi zamanı bu epidemiyanın COVID-19 pandemiyasının başlanğıcı ilə müqayisə edilməməsinə çağırıb.
"Aydınlıq vermək istəyirəm: bu, SARS-CoV-2 deyil. Bu, COVID-19 pandemiyasının başlanğıcı deyil. Gəmidə baş verən epidemiyadır"- deyə rəsmi bildirib.
Ekspert izah edib ki, hantavirus koronaviruslardan fərqli şəkildə yayılır, əsasən yaxın təmas vasitəsilə. O bildirib ki, infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün hazırda gəmidə ehtiyat tədbirləri görülür.
Bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus da təsdiqləyib.
"Bu mərhələdə ictimai səhiyyə üçün ümumi risk aşağı olaraq qalır"- deyə o, “X” hesabında yazıb.
Bundan əlavə, Maria Van Kerkhove həmçinin bildirib ki, mütəxəssislər olduqca nadir hesab edilən hantavirusun insandan insana ötürülməsi ehtimalını araşdırırlar.
Hantavirusun epidemiyasına nə səbəb olub?
Mütəxəssislər hələ də epidemiyanın necə başladığını dəqiq bilmirlər. Axı virus adətən gəmiricilər tərəfindən yayılır. Lakin şirkət nümayəndələri gəmidə siçovulların olmadığına əminlik verirlər.
Kruiz gəmisi ucqar vəhşi təbiət qoruqlarını ziyarət edib. Buna görə də, mütəxəssislər ilk yoluxmuş sərnişinin orada və ya hətta gəmiyə minməzdən əvvəl yoluxmuş ola biləcəyini ehtimal edirlər.
Həmçinin bildirilib ki, infeksiya ilə təmasda olan hər kəs, xüsusən də gəmidə, tibb müəssisələrində və ya uçuşlar zamanı tibbi müşahidə altındadır.
Hazırda bəzi sərnişinlər gəmidə təcrid olunmuş vəziyyətdədirlər və gəminin özü planlaşdırılan evakuasiyadan əvvəl hərtərəfli dezinfeksiya edilib. Daha sonra onların evə qaytarılması planlaşdırılır.
Hantavirus: Əlamətlər hansılardır?
Hantaviruslar ciddi xəstəliklərə və ölümə səbəb ola biləcək viruslar ailəsidir. Onlar adətən gəmiricilər tərəfindən yayılır və insandan insana ötürülmür. Adətən yalnız bədən mayeləri və yaxın təmas yolu ilə yayılır.
Bu viruslar iki sindroma səbəb ola bilər: hantavirus ağciyər sindromu (HPS) və böyrək sindromlu hemorragik qızdırma (HFRS). Erkən simptomlara yorğunluq, qızdırma və əzələ ağrıları daxildir. HFS simptomlarına şiddətli baş ağrıları, bel ağrısı, ürəkbulanma və bulanıq görmə daxildir. Hantavirus simptomları adətən məruz qaldıqdan 2-4 həftə sonra görünür, bəzi hallarda daha sonra baş verə bilər.
Xatırladaq ki, 4 mayda “MV Hondius” kruiz gəmisində siçovullar tərəfindən ötürülən hantavirusdan üç nəfərin ölməsindən sonra sərnişinlərin dənizdə karantinə alındığı bildirilib.
Aynil