İspaniyanın “Real Madrid” klubunun uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı, fransız futbolçu Aurelien Çuameni ilə məşq zamanı baş verən toqquşmadan sonra kəllə-beyin travması alıb.
Sfera.az xəbər verir ki, klubun mətbuat xidməti futbolçunun 10-14 gün müddətində bərpa prosesi keçəcəyini açıqlayıb. Bu səbəbdən Valverde mayın 10-da keçiriləcək İspaniya La Liqasının “Barselona” ilə oyununda iştirak etməyəcək. Hadisə cümə axşamı komandanın məşqi zamanı baş verib. “Marca”nın məlumatına görə, uruqvaylı futbolçu toqquşmadan sonra tibbi yardıma ehtiyac duyub. “
"AS” nəşri isə Valverdenin huşunu itirdiyini və məşq meydançasını əlil arabasında tərk etdiyini bildirib. Jurnalist Edu Agirrenin iddiasına görə, futbolçu toqquşma zamanı baş zərbəsi alaraq qısa müddətli yaddaş itkisi yaşayıb. Hadisədən sonra “Real Madrid” klubunun futbolçulara qarşı intizam tədbirləri gördüyü də qeyd olunub. 27 yaşlı Valverde 2018-ci ildən “Real Madrid”də çıxış edir.
O, klubun heyətində 371 oyuna çıxaraq 41 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi bu müddətdə üç dəfə İspaniya çempionu, üç dəfə İspaniya Superkubokunun qalibi, iki dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və FIFA Klublararası Dünya Kubokunun qalibi olub. Həmçinin bir dəfə Kral Kuboku və Qitələrarası Kubok qazanıb. İspaniya La Liqasında mövsümün bitməsinə dörd tur qalmış “Barselona” 88 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 77 xalla ikinci pillədə qərarlaşıb. “Barselona” növbəti turda məğlubiyyətdən qaçacağı və “Real Madrid”i məğlub edəcəyi təqdirdə çempionluğunu rəsmiləşdirə bilər.
Niyaz Hacıyev
Sfera.az