Qəzza zolağında uşaqlar ailələrinin su ehtiyacını ödəmək üçün hər gün saatlarla su paylama məntəqələrində növbə gözləyirlər. Atəşkəsə baxmayaraq, İsrailin Qəzzaya hücumları davam edir və humanitar yardımların bölgəyə daxil olmasına əngəllər törədilir.


 


Sfera.az xəbər verir ki, humanitar böhranın ən ağır fəsadlarını uşaqlar çəkir. 


 


Qəzzanın cənubundakı Xan Yunis şəhərində uşaqlar su bidonlarını daşımaq məcburiyyətində qalırlar. Müharibənin üçüncü ilinə qədəm qoyulduqca, bir çox uşaq təhsildən və normal gündəlik həyatdan məhrum olub.Uşaqlardan Ravan əl-Bayuk deyib ki, müharibə səbəbindən məktəbə gedə bilmərək günlərinin çoxunu ailələri üçün su daşımaqla keçirirlər. 




Fələstinli uşaq Sami Hammad isə bildirib:


 


“Uşaqlar artıq məktəb partaları əvəzinə su növbələrində və şorba mətbəxlərində vaxt keçirirlər”. 




Başqa bir uşaq – Usamə Əbu Zeyd müharibənin uşaqların həyatını tamamilə dəyişdiyini və yaşlarından kənar məsuliyyətləri daşımağa məcbur olduqlarını söyləyib. Məhəmməd Hərb isə təmiz suya çıxışın gündəlik və yorucu bir mübarizəyə çevrildiyini qeyd edib. Ərazi sakini Əbu Məhəmməd Əbu Tuaymaisə bildirib ki, ailələr su əldə etməkdə ciddi çətinliklərlə üzləşir, uşaqlar isə hər gün su gətirməyə göndərilir. Bu, onların gündəlik həyatını tamamilə dəyişdirib.




Xatırladaq ki, Qəzza zolağı 2007-ci ildən bəri İsrail blokadası altındadır. Hücumlar nəticəsində təxminən 2,4 milyon əhalinin böyük bir hissəsi əsas ehtiyaclara çatmaqda ciddi problemlərlə üzləşir, yüz minlərlə insan isə didərgin düşüb.


 


Mənsumə

Sfera.az