Azərbaycan Beynəlxalq Bankı (ABB) 2026-cı ilin birinci rübünə dair maliyyə vəziyyətini açıqlayıb.


 


Sfera.az ABB-nin rəsmi statistik məlumatlarına istinadən xəbər verir ki, ilk üç ayda bankın bütün əsas göstəriciləri yaxşılaşıb.


 


ABB Azərbaycanın ən böyük kommersiya bankıdır. Bank birinci rübdə bu nəticəni bir qədər də gücləndirib. Cəmi 3 ay ərzində ABB-nin aktivlərinin dəyəri 684 milyon manat və ya 5 faiz artaraq 14,311 milyard manata çatıb.




Bankın aktivlərinin artmasına bütün əsas göstəricilər üzrə müsbət dəyişikliklərin baş verməsi səbəb olub. İlk 3 ayda müştərilərə verilən kreditlərin həcmi 7,08 milyard manatdan 7,16 milyard manata, o cümlədən istehlak kreditlərinin həcmi 1,98 milyard manatdan 2,064 milyard manata yüksəlib.




Qeyd edilən müddətdə aktivlərin önəmli hissəsini təşkil edən nağd pul vəsaitlərinin həcmində də ciddi artım baş verib. Üç ay ərzində nağd vəsaitlərin məbləği 708 milyon manat, yaxud 28 faizdən çox artaraq 3,21 milyard manatı ötüb.




Bundan başqa, digər banklar və maliyyə institutlarındakı depozitlər 125 milyon manat artaraq 612 milyon manata, digər aktivlər qrupuna aid edilən vəsaitlər isə 186,5 milyon manat artaraq 766,6 milyon manata çatıb.




Bankın aktivlərinin artması təbii olaraq onun öhdəliklərinin də artmasına səbəb olub. Birinci rübdə bankın öhdəlikləri təxminən 600 milyon manat artaraq 12 milyard manatı ötüb. 




ABB-nin öhdəliklərinin böyük hissəsini depozitlər təşkil edir. Azərbaycan banklarında həm əhalinin, həm də hüquqi şəxslərin sahib olduqları depozitlərin çox hissəsi ABB-də yerləşdirilib. Bu da banka əhalidə və biznes sektorunda olan inamın göstəricisidir.




Birinci rübün sonunda ABB-də depozitlərin həcmi 117 milyon manat artaraq 9 milyard manatı ötüb. Bankda olan depozitlər cəmi öhdəliklərin 75 faizini təşkil edib.

ABB kapitalın həcminə görə də Azərbaycanın lider bankıdır. Bankın ümumi kapitalının həcmi 2,29 milyard manatdır. İlk 3 ayda bu göstərici 86 milyon manat artıb. 




Bankın mənfəət göstəricisi də yüksəkdir. Qeyd edilən dövr üzrə bankın xalis mənfəəti 110,6 milyon manat olub ki, bu da ötən ilin birinci rübündə əldə edilən xalis mənfəətlə müqayisədə 45 milyon manat çoxdur.


 


Vasif