Ümumdünya Səhiyyə Təşkilatı hantavirus xəstəliyinə yoluxanların sayının beşə yüksəldiyini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Hollandiya bayrağı altında fəaliyyət göstərən “MV Hondius” adlı kruiz gəmisində vəziyyət gərgin olaraq qalır. Gəmi üç gün limanda saxlanıldıqdan sonra çərşənbə gecəsi Kabo-Verdeni tərk edib. Hazırda 20-dən çox britaniyalı sərnişin gəmidə karantindədir və kabinələrindən çıxmalarına icazə verilmir. Məlumata görə, indiyədək xəstəlik səbəbindən hollandiyalı cütlük və almaniyalı bir qadın həyatını itirib. Təxliyə edilən daha iki nəfərdə isə virus təsdiqlənib.
Bundan əlavə, daha üç nəfərin də hantavirus daşıdığı ehtimal olunur. Araşdırma aparan mütəxəssislər hesab edirlər ki, ilk yoluxma halları Argentinanın cənub sahillərində yerləşən Uşuaya bölgəsində quş müşahidəsi zamanı baş verib. İki argentinalı rəsminin sözlərinə görə, hollandiyalı cütlük ornitoloji tur çərçivəsində zibil poliqonuna baş çəkib və burada virus daşıyan gəmiricilərlə təmasda olmuş ola bilər. Alimlər əsas şübhəlilərdən birinin Argentina və Çilidə yaşayan “uzunquyruq cırtdan düyü siçovulu” olduğunu bildiriblər. Təxminən 20 santimetr uzunluğunda olan bu gecə aktiv gəmiricilər hantavirusun Andes variantını daşıyır. Çərşənbə günü gəmidən 56 yaşlı britaniyalı ekipaj üzvü, 41 yaşlı hollandiyalı həkim və 65 yaşlı alman sərnişin təxliyə olunub.
Onlardan ikisində virus təsdiqlənib. Xəstələrin müalicə üçün Niderlanda aparıldığı bildirilib. Təxliyə təyyarələrindən biri Amsterdam şəhərinə enib və sərnişinlər xəstəxanalara yerləşdirilib. Digər təyyarə isə yanacaq doldurmaq üçün Kanar adalarında məcburi dayanıb. Mərakeşin təyyarənin enişinə icazə vermədiyi qeyd olunur. İspaniya Səhiyyə Nazirliyinin gəminin Kanar adalarına yanaşacağını açıqlaması bölgədə narazılıq yaradıb. Kanar adalarının regional prezidenti Fernando Klavixo bunun əhali üçün təhlükə yarada biləcəyini deyərək İspaniyanın Baş naziri Pedro Sançezlə görüş tələb edib. Ümumdünya Səhiyyə Təşkilatı isə virusa yoluxan şəxslərlə təmasda olmuş insanların müəyyən edilməsi üçün genişmiqyaslı izləmə kampaniyasına başlayıb. Cənubi Afrika rəsmiləri artıq yoluxmuş şəxslərlə əlaqədə olduğu ehtimal edilən 62 nəfərdən 42-sinin müəyyən edildiyini açıqlayıb.
Firuzə Əliyeva
Sfera.az