Hər il 8 may tarixində qeyd olunan Dünya Eşşəklər Günü (World Donkey Day) insanların min illərdir ən sədaqətli köməkçilərindən biri olan eşşəklərin qorunmasına diqqət çəkmək məqsədi daşıyır.


 


Sfera.az xəbər verir ki, bu gün ilk dəfə 2001-ci ildə Meksikada təşəbbüs kimi qeyd olunmağa başlayıb və sonradan beynəlxalq səviyyədə yayılıb. Eşşəklər əsrlər boyu kənd təsərrüfatında, yük daşınmasında və xüsusilə dağlıq ərazilərdə insanların əsas yardımçılarından biri olub. Bu gün də dünyanın bir çox ölkəsində, xüsusilə kənd yerlərində onların əməyindən istifadə edilir.


 


Azərbaycanda isə son illər eşşəklərin sayı kəskin azalır. Rəsmi statistikaya görə, 2008-ci ildə ölkədə 47,2 min baş eşşək olduğu halda, 2025-ci ildə bu rəqəm 12,7 minə, 2026-cı ilin əvvəlində isə 10 min 311 başa düşüb. Beləliklə, son 18 ildə ölkədə eşşəklərin sayı təxminən 4,5 dəfə azalıb. Statistikaya əsasən, təkcə son bir ildə Azərbaycanda eşşəklərin sayı 18,9 faiz və ya 2398 baş azalıb.


 


Ən çox eşşək Lerik, Şəmkir, Quba və Ağstafa rayonlarında qeydə alınıb. Bakı şəhərində isə cəmi 22 eşşək qalıb. Mütəxəssislər hesab edir ki, kənd təsərrüfatında texnologiyanın inkişafı, avtomobillərin və kənd texnikalarının artması bu heyvanlara olan ehtiyacı azaldıb. Bununla yanaşı, bəzi ölkələrdə eşşək dərisinə tələbatın artması da onların sayının azalmasına təsir göstərən amillərdən biridir. Dünya Eşşəklər Günü yalnız bu heyvanların əməyini xatırlatmır, həm də onların hüquqları, rifahı və qorunmasının vacibliyini gündəmə gətirir. Çünki illərlə insanların yükünü çəkən bu canlılar indi özləri diqqət və qayğıya ehtiyac duyurlar.


 


Firuzə Əliyeva


Sfera.az