Gündəlik həyatda kosmetik məhsullardan istifadə geniş yayılıb, lakin insanlar tez-tez bu vasitələrin göz sağlamlığına təsirini nəzərə almırlar.


 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, oftalmoloq op. dr. Şermin Ünal İpçioğlu kosmetik vasitələrin düzgün istifadə edilməməsinin göz sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Mütəxəssis qeyd edib ki, makiyaj məhsulları yalnız fərdi istifadə üçündür və 3-4 aydan sonra köhnə məhsullar bakteriyalar üçün çoxalma məkanına çevrilir.


 


“Gündəlik həyatımızda etdiyimiz sadə makiyaj səhvləri göz infeksiyalarına və hətta daimi zərərlərə yol aça bilər”, – deyə İpçioğlu xəbərdarlıq edib.


 


Oftalmoloq xüsusilə göz layneri və qələmlərinin tətbiq texnikasına diqqət çəkib:


 


“Göz yaşı keyfiyyətini tənzimləyən meybomiya yağ vəziləri kirpiklərin daxili hissəsində yerləşir. Bu hissəyə makiyaj tətbiqi vəzilərin tıxanmasına nəticədə sancı, qızartının yaranmasına səbəb ola bilər. Məhsulları kirpiklərin xarici hissəsinə və gözdən uzaqda tətbiq etmək lazımdır”.


 


İpçioğlu həmçinin, makiyaj məhsullarını paylaşmağın və mağazalardakı sınaq məhsullarından istifadə etməyin ciddi infeksiya riski daşıdığını da vurğulayıb:


 


“Göz infeksiyası yaşamış birinin istifadə etdiyi məhsullardan istifadə etmək xəstəliyi birbaşa öz gözünüzə keçirmək deməkdir. Mağazalardakı sınaq məhsulları isə yüzlərlə insan tərəfindən istifadə olunduğu üçün bakteriyaların çoxaldığı bir mənbəyə çevrilir”.


 


Allergiya riski olan şəxslərə mütəxəssis tövsiyə edir ki, yeni məhsulları eyni anda istifadə etməsinlər və reaksiyaları izləmək üçün məhsulları tək-tək sınasınlar. Əgər məhsul gözlə təmas edərsə dərhal bol su ilə yumaq, simptomlar davam edərsə isə mütləq oftalmoloqa müraciət etmək lazımdır.


 


Mənsumə


Sfera.az