Hörmüz boğazında hərbi gərginliyin artması və onsuz da kövrək olan atəşkəs rejiminin pozulma təhlükəsi fonunda, ABŞ və İran cümə axşamı günü bir-birinə raket zərbələri endirib və qarşılıqlı ittihamlarla çıxış ediblər. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, Amerika Hərbi Dəniz Qüvvələrinin raket esminetsləri boğazdan keçərək Oman körfəzinə daxil olarkən, İran tərəfinin "təxribat xarakterli və əsassız" hücumlarının qarşısını alıb və özünümüdafiə məqsədilə cavab zərbələri endirib. Mərkəzi Komandanlığın rəsmi açıqlamasında qeyd olunub ki, İran qüvvələri boğazdan keçən gəmilərə çoxsaylı raketlər, dronlar və sürətli qayıqlarla hücum edib. Lakin hərbi qurumun bildirdiyinə əsasən, Amerika dəniz gəmilərindən heç biri zərər görməyib.




Bu toqquşmadan sonra tərəflər arasında növbəti hərbi əməliyyat qeydə alınmayıb və hadisə genişmiqyaslı müharibəyə çevrilməyib. Maraqlı məqam odur ki, hər iki tərəf hələlik böyük bir qarşıdurmadan çəkinir. Bəs genişmiqyaslı müharibədən yayınma meyli nə ilə bağlıdır? 




Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, burada tərəflərin bir-birindən çəkinməsi deyil, daha çox strateji və siyasi amillər rol oynayır:


 





“Həm ABŞ, həm də İran tərəfi çox yaxşı dərk edir ki, hazırkı danışıqlar fonunda nə qarşılıqlı tələblərin reallaşması, nə də müharibənin onların milli maraqlarına uyğun bir ssenari ilə yekunlaşması mümkün görünmür. Məhz bu səbəbdən hərbi əməliyyatların gec-tez yenidən alovlanması ehtimalı qaçılmaz xarakter daşıyır”.




Ekspert vurğulayıb ki, əsas məqam Amerika Birləşmiş Ştatlarının bu əməliyyatları özü üçün daha münasib bildiyi vaxtda və konkret zaman çərçivəsində yenidən başlatmaq istəyi ilə bağlıdır:




“Eyni zamanda, yayılan məlumatlar göstərir ki, İran tankerinin saxlanılmasına adekvat cavab olaraq ABŞ-a məxsus hərbi hədəflərin ("Siemens"lərin) vurulması nəticəsində tərəflər arasında qısamüddətli, lakin kəskin bir qarşıdurma yaşanıb. Bütün bunları nəzərə alsaq, yaxın günlərdə vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. Beləliklə, yeni hərbi əməliyyatların başlanması region üçün ən real ssenarilərdən biri kimi dəyərləndirilməlidir”.


 


Bəsti Rəfizadə

Sfera.az