Avropanın bir çox ölkəsində yay mövsümü başlamadan rekord temperatur göstəricilərinin qeydə alınması iqlim dəyişiklikləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.


 


Avropalı meteoroloqlar bildirirlər ki, bəzi bölgələrdə temperatur normadan xeyli yüksək olub və müşahidə edilən isti hava dalğaları son illərin ən yüksək göstəriciləri sırasında yer alıb.


 


Avropalı mütəxəssislər hesab edirlər ki, bu cür anomal hava hadisələri təkcə Avropa ilə məhdudlaşmır və digər regionlara da təsir göstərə bilər.


 


Maraqlıdır, Avropada yay başlamadan qeydə alınan rekord temperaturların Azərbaycana mümkün təsirləri nələr ola bilər? Bu proses ölkədə iqlim baxımından hansı riskləri yarada bilər?


 


Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Avropa ilə Azərbaycanın hava durumunu müqayisə etməyə ehtiyac yoxdur:


 



 


“Çünki, fərqli qurşaqlarda və fərqli enliklərdə yerləşirik. İndi Almaniya istilərdən əziyyət çəkir. 10 ildən bir təkrarlanan quraqlıq hava ilə üz-üzə qalıblar. Belə olduqda isə biz yağıntılı havalarla üz-üzə qaldıq. Bu, normal bir haldır. Bunun bizə ciddi təsiri olmayacaq. Təbiət özü-özünü nizamlayacaq. Burada iqlim dəyişikliyinin də rolu var. Bir neçə il əvvəl Avropada bu hal baş vermişdi. Avropaya daha çox cənubdan, Afrika üzərindən hərəkət edən hava kütlələri təsir edir. Xüsusilə İspaniya, İtaliya, Portuqaliya və Fransanın cənubuna təsir edir. Biz isə yay doğru getdiyimiz üçün havalar isinməyə başlayacaq”.


 


Ekoloq qeyd edib ki, rayonlarda güclü yağıntılar və soyuq səbəbindən kənd təsərrüfatı məhsullarında qıtlıq bilər:


 


“Ola bilər ki, qıtlıq yaransın. Meyvə-tərəvəz bazalarımız olan yerlərdə, cənub zonasında, dağətəyi bölgələrdə, Abşeron yarımadasında, Quba-Xaçmaz bölgəsində azalmaya səbəb ola bilər. Amma Avropada baş verən bu prosesə görə narahat olmağa dəyməz”.


 


Niyaz Hacıyev


Sfera.az