Dünya Kuboku tarixinin unudulmaz mahnılarına imza atan Şakira futbolun ən böyük səhnəsinə yenidən qayıdır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, kolumbiyalı ulduz 2026-cı il Dünya Kubokunun rəsmi himni olacaq “Dai Dai” mahnısı üçün tanınmış nigeriyalı Afrobeat təmsilçisi Burna Boy ilə əməkdaşlıq edib.
Futbolsevərlərin böyük maraqla gözlədiyi bu mahnı mayın 14-də bütün rəqəmsal platformalarda dinləyicilərə təqdim olunacaq. Şakira bu şad xəbəri Braziliyanın əfsanəvi “Marakana” stadionundan paylaşdığı xüsusi bir video ilə elan edib. Videoda müxtəlif milli komandaların rənglərini əks etdirən rəqqasların maraqlı çıxışları və əvvəlki dünya çempionatlarında istifadə olunan rəsmi toplar nümayiş etdirilib.
Köhnə futbol toplarının görüntüləri Şakiranın 2010-cu il mundialı üçün ifa etdiyi və qlobal hitə çevrilən məşhur “Waka Waka” (This Time for Africa) mahnısını yenidən gündəmə gətirib. Qeyd edək ki, bu bəstə turnir tarixinin ən populyar futbol himnlərindən biri hesab olunur. Şakira bundan əvvəl 2006-cı ildə “Hips Don’t Lie” və 2014-cü ildə “La La La (Brazil 2014)” layihələri ilə də dünya çempionatlarına rəng qatmışdı.Xatırladaq ki, 2026-cı il Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək.
Fidan Hacızadə
Sfera.az