İngiltərənin paytaxtı Londonda yaşayan 36 yaşlı Qina Sapsted hər kəsi heyrətləndirən qərar qəbul edib. O, Tottenhem rayonunda yerləşən iki otaqlı mənzilini ev sahibi olmaqda çətinlik çəkən şəxslər üçün cəmi 5 funt sterlinqə (təxminən 11 AZN) satışa çıxarıb.
Sfera.az bildirir ki, 370 min funt sterlinq dəyəri olan mənzil üçün Sapsted qeyri-adi üsula əl atıb. O, evi birbaşa satmaq əvəzinə, hər biri 5 funt sterlinq olan lotereya biletləri satmağa başlayıb.
"Daily Mail"in yaydığı məlumata görə, keçirilən püşkatmanın qalibi iki seçim qarşısında qalacaq: ya mənzilin sahibi olacaq, ya da 300 min funt sterlinq məbləğində nağd pul mükafatını götürəcək.
Belə bir addımı daşınmaz əmlak sektoru ilə bağlı izlədiyi sənədli filmdən sonra atdığını deyən Sapsted, Londonda kirayə və ev qiymətlərinin gənclər üçün əlçatmaz olduğunu qeyd edib:
"İnsanların ümidə ehtiyacı var. Londonda kirayə və ya ipoteka krediti ödəmədən yaşaya bilmək insanın həyatını tamamilə dəyişdirə biləcək bir fürsətdir”.
Qeyd edək ki, sözügedən tirajlı oyunun 31 may saat 22:00-da başa çatacağı açıqlanıb.
Bəsti Rəfizadə
Sfera.az