Erənistanda hakim “Mülki Müqavilə” partiyasının dövlət qurumlarına ictimai binalardan Ağrı dağı (Ararat) təsvirlərinin silinməsi ilə bağlı göstəriş verdiyi iddia olunur. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilib ki, artıq bəzi universitetlərin loqolarından Ağrı dağı simvolunun çıxarılması müzakirə edilir, yeni biometrik pasportlarda isə dağ görünməyən rakursdan təqdim olunub. Həmçinin 2025-ci ildən etibarən giriş-çıxış möhürlərindən də bu simvolun silinəcəyi qeyd edilib.
Bəzi şərhlərə görə, bu, faktiki olaraq Ermənistan konstitusiyasında dəyişiklik niyyətinin göstəricisidir.
Sfera.az-a bu haqda açıqlama verən Milli Məclsiin deputatı Hikmət Babaoğlu bildirib ki, Ermənistan son dövrlərdə atdığı bəzi addımlar təqdir edilməlidir:
“Qonşu ölkənin ərazisində yerləşən bir dağı milli simvola çevirmək və onu dövlətin əsas atributlarından biri hesab olunan gerbin üzərində təsvir etmək, eyni zamanda ölkəyə giriş-çıxış nəzarəti zamanı istifadə edilən möhürlərdə həmin simvola yer vermək beynəlxalq hüquq baxımından qəbuledilməzdir və açıq şəkildə qanun pozuntusu hesab olunur. Lakin bu kontekstdə son dövrlərdə atılan bəzi addımların da təqdir olunması vacibdir”.
Parlamentari Ermənistanın Azərbaycanla sülh yolunda atdığı addımlardna bəhs edib:
“Məsələn, artıq 2025-ci ildən etibarən ölkənin giriş-çıxış nəzarət sistemində istifadə olunan möhürlərdən Ağrı dağı təsviri çıxarılıb. Bununla yanaşı, ermənilərin çoxsaylı ictimai təşkilatlarının, ali təhsil müəssisələrinin və dövlət qurumlarının müxtəlif rəmz və simvollarında da Ağrı dağının əks olunmasının aradan qaldırılması istiqamətində tədbirlərin intensivləşdirildiyi müşahidə olunur. Əlbəttə, mənə elə gəlir ki, bunlar müsbət istiqamətdə atılan addımlar kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, bu, qonşu ölkəyə qarşı mövcud olmuş işğal iddiasının heç olmasa simvolik və təsviri müstəvidə geri götürülməsi anlamına gəlir. Bu isə gələcək perspektivdə Ermənistanda siyasi təfəkkürün daha sağlam və doğru əsaslar üzərində formalaşmasına müəyyən zəmin yarada bilər. Ona görə də, əlbəttə ki, bu gün biz sülhdən danışırıqsa, Ermənistan da Azərbaycan və region ölkələri ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə qurmağa çalışmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az