ABŞ Prezidenti Donald Tramp gələn həftə Çinə səfər etmək niyyətini təsdiqləyib və Çin Prezidenti Si Cinpinlə görüşünün yaxşı keçəcəyinə inanır.


 


Maraqlıdır, ABŞ-Çin münasibətlərində mümkün yumşalma İranın beynəlxalq təcrid siyasətinə təsir göstərə bilərmi?


 


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Çinin yüksəlişini özünün mövcudluğuna təhdid hesab edir. Onun fikrincə, bu səbəbdən də bütün vasitələrdən istifadə edərək, Çinin inkişafını əngəlləməyə çalışır:


 



 


“İstər Venesuela, istərsə də İranla bağlı atılan addımların arxasında həm də bu məqsəd var. ABŞ-nin Çinin neft idxalına zərbə vurmağa çalışması Pekinin Vaşinqtonla hesablaşması və onun hegemoniyasını qəbul etməsinə hesablanıb. Çinin dünya bazarlarını ələ keçirməsi, İran üçün daha geniş perspektivlər yaradır ki, ABŞ bunu özünün varlığının əsas təminatçısı olan petrodollar sisteminə təhdid hesab edir. Məhz buna görə də Çində fəaliyyət göstərən ABŞ şirkətlərinin ABŞ-yə qayıtması daxil olmaqla, bir çox addımlar Çini zəiflətmək üçündür".


 


Politoloq qeyd edib ki, hazırda Çinin ABŞ-yə ixracatı təqribən 600, ABŞ-nin Çinə ixracatı isə 300 milyard dollardır:


 


"Bu rəqəmlər hər iki ölkənin iqtisadi perspektivlərini ortaya qoyur. Ona görə də düşünürəm ki, İran məsələsi Çin üçün çox ciddi əhəmiyyət daşıyır və Trampın Çinə səfəri Pekinin İran siyasətini dəyişdirə bilməz”.


 


Niyaz Hacıyev


Sfera.az