Niderland bayrağı altında üzən "MV Hondius" ekspedisiya gəmisi hantavirus epidemiyası səbəbindən dünya səhiyyə qurumlarını ayağa qaldırıb. Artıq 3 nəfər həyatını itirib, gəmi ciddi karantin nəzarətinə götürülüb.




Sfera.az xəbər verir ki, aprelin 1-də Argentinanın Uşuaya limanından yola düşən və göyərtəsində 23 fərqli ölkədən 147 nəfərin (88 sərnişin, 59 heyət üzvü) olduğu gəmidə vəziyyət gərginləşib. Antarktida və Cənubi Atlantika adalarına doğru istiqamət alan gəmidə kütləvi yoluxma halı aşkarlanıb.




ÜST-ün 6 may 2026-cı il tarixinə olan hesabatına görə, gəmidə azı 7 ağır tənəffüs yolu xəstəliyi faktı qeydə alınıb. Bunlardan 2-si laboratoriya təsdiqini tapıb, 5-i isə şübhəli hal sayılır. Hazırda 3 sərnişin dünyasını dəyişib, bir nəfərin vəziyyəti isə kritikdir.




Laboratoriya analizləri nəticəsində virusun "Andes" ştamı olduğu müəyyən edilib. Bu ştamın ən qorxulu xüsusiyyəti hantavirus variantları arasında insandan insana keçmə ehtimalı olan yeganə növ olmasıdır.




Epidemiyanın tam miqyası bəlli olmamışdan əvvəl, aprelin sonunda Müqəddəs Yelena adasında gəmidən düşən 23 sərnişin artıq öz ölkələrinə, o cümlədən ABŞ-yə qayıdıblar. Son məlumatlara görə, həmin şəxslərdən azı birində artıq ağır xəstəlik əlamətləri müşahidə olunur. Bu isə virusun qlobal miqyasda yayılma riskini gündəmə gətirib.




Hazırda "MV Hondius" gəmisi Kabo-Verde sahillərində lövbər salıb və ciddi karantin rejiminə keçib. Xəstəliyi ağır keçirən bəzi sərnişinlər helikopterlərlə Cənubi Afrika və Niderlanddakı xəstəxanalara çatdırılıb. Gəminin dezinfeksiya və növbəti yoxlamalar üçün İspaniyanın Kanar adalarına göndərilməsi planlaşdırılıb.




"Oceanwide Expeditions" şirkəti beynəlxalq səhiyyə qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini açıqlayıb. Mütəxəssislər virusun mənbəyini və necə yoluxduğunu araşdırır. Hələlik ümumi ictimaiyyət üçün risk aşağı qiymətləndirilsə də, gəmi ilə təmasda olan hər kəs nəzarət altındadır.


 


Bəsti Rəfizadə

Sfera.az