Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanlarında sualların böyük hissəsi 7-10-cu sinif proqramlarını əhatə edir və 11-ci sinfə aid tapşırıqlar çox azlıq təşkil edir. Onun sözlərinə görə, tapşırıqların formatı əvvəlcədən açıqlansa da, bəzi müəllimlər bu dəyişiklikləri nəzərə almadan şagirdləri hələ də köhnə üsulla hazırlamaqda davam edirlər.
Mövcud vəziyyətdə zəif nəticələrin əsas səbəbi müəllimlərin yanaşmasıdırmı və bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində fərqli sistemlər və modellər tətbiq olunur.
Millət vəkilinin sözlərinə görə, ən uğurlu modellərdən biri məhz Azərbaycanda tətbiq edilən imtahan modelidir:
“Ümumiyyətlə, bu prosesi tənzimləmək çox çətin və mürəkkəbdir. Burada söhbət şəffaflığın təmin olunmasından və neqativ halların qarşısının alınmasından gedir. Düşünürəm ki, hazırkı sistemimiz bu proseslərin qabağını almaq üçün bizə kifayət qədər imkanlar yaradır. İmtahan məsələsindən həmişə narazılıq olacaq, fərqli baxışlar, yanaşmalar ortaya qoyulacaq və müzakirələr gedəcək. Amma burada ən önəmli məsələlərdən biri belə problemlərin müzakirə yolu ilə həllidir. Hər halda, hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin rəhbəri əlində olan faktlara və məlumatlara əsasən öz mövqeyini bildirib”.
Millət vəkili mövcud vəziyyətdən çıxış yolunu da təklif edib:
“Dövlət İmtahan Mərkəzi bu cür tənqidləri dinləməli, onları araşdırmalıdır. Qurum təhsil ekspertləri və bu sahədə çalışan insanlarla birgə müxtəlif müzakirələr apararaq narazılıqların aradan qaldırılması üçün müəyyən işlər görməlidir. Əgər ortada bir narazılıq varsa, onun dinlənilməsinə, araşdırılmasına və həllinə yönəlmiş addımlar atılmalıdır. Qarşılıqlı ittihamlar bu məsələdə çıxış yolu deyil. Əsas çıxış yolu müzakirə, anlaşma və konkret tədbirlər vasitəsilə bu prosesə töhfə verməkdir”.
Firuzə Əliyeva
Sfera.az