Müasir dövrün ən geniş yayılmış xəstəliklərindən biri olan şəkərli diabet çox vaxt orqanizmdə səssiz şəkildə irəliləyir. Bir çox insan illərlə bu xəstəlikdən xəbərsiz yaşayır, lakin bədənimiz əslində müəyyən siqnallar vasitəsilə bizə xəbərdarlıq edir.




Sfera.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, şəkərli diabetin ən çox rast gəlinən və diqqət yetirilməsi vacib olan əlamətləri mövcuddur. 




1. Susuzluq




Məsələn, bunlardan birincisi susuzluqdu. Qanda şəkərin səviyyəsi artdıqda, böyrəklər artıq şəkəri xaric etmək üçün daha çox çalışır. Bu isə bədəndən maye itkisinə və nəticədə şiddətli susuzluq hissinə səbəb olur. Əgər gün ərzində adi haldan daha çox su içirsinizsə və gecələr tez-tez yuxudan oyanıb tualetə gedirsinizsə, bu, ilk ciddi siqnal ola bilər.




2. Səbəbsiz çəki itkisi və daimi aclıq hissi




Şəkərli diabet zamanı hüceyrələr qlükozanı (şəkəri) enerji kimi istifadə edə bilmir. Nəticədə bədən alternativ enerji mənbəyi kimi piy və əzələ toxumalarını yandırmağa başlayır. Bu da insanın iştahasının yerində olmasına baxmayaraq, qısa müddətdə nəzərəçarpacaq dərəcədə çəki itirməsinə gətirib çıxarır.




3. Görmədə dumanlanma




Qandakı yüksək şəkər göz büllurunun formasının dəyişməsinə və maye balansının pozulmasına səbəb olur. Əgər ətrafı dumanlı görürsünüzsə və ya fokuslanmaqda çətinlik çəkirsinizsə, bu, şəkərin göz damarlarına təsirinin göstəricisi ola bilər.




4. Yaraların gec sağalması




Şəkərli diabet qan dövranını zəiflədir və bədənin regenerasiya (özünübərpa) qabiliyyətini aşağı salır. Kiçik bir kəsik və ya cızıq həftələrlə sağalmırsa, bu, mütləq yoxlanılmalı olan bir simptomdur.




5. Xroniki yorğunluq və halsızlıq




Hüceyrələr ehtiyac duyduğu enerjini qlükozadan ala bilmədiyi üçün insan özünü daim bitkin, yorğun və enerjisiz hiss edir. Hətta kifayət qədər yatsanız belə, səhərlər yorğun oyanmaq şəkərin qeyri-sabitliyindən xəbər verə bilər.




Mütəxəssislər bildiriblər ki, yuxarıda qeyd olunan əlamətlərdən bir neçəsini özünüzdə müşahidə edirsinizsə, mütləq endokrinoloq müayinəsindən keçmək və qan analizləri vermək tövsiyə olunur. Erkən diaqnoz fəsadların qarşısını almağın ən effektiv yoludur.




Bəsti Rəfizadə

Sfera.az