Ermənistanda 2026-cı il iyunun 7-nə təyin edilmiş növbəti parlament seçkiləri ilə bağlı siyasi canlanma müşahidə olunur. Bu seçkilər 2018-ci ildəki Məxməri İnqilabdan bəri növbədənkənar deyil, müəyyən olunmuş vaxtda keçirilən ilk parlament seçkisi kimi tarixə düşəcək. Rəsmi təşviqat dövrü seçkidən bir ay öncə başlayaraq iyunun 5-nə qədər davam edəcək. 

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdə iştirak etmək niyyətində olan siyasi qüvvələrin (partiya və blok) qeydiyyatı və hazırlıq prosesini diqqətdə saxlayır. Əsas mübarizənin Baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası ilə iş adamı Samvel Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" bloku arasında keçəcəyi gözlənilir. Aprel ayında qəbul edilən yeni Seçki Məcəlləsinə əsasən, partiyalar üçün parlamentə daxil olmaq üçün tələb olunan minimum səs həddi 5%-dən 4%-ə endirilib.


 


Maraqlıdır, növbəti seçkilərdə hansı namizədin şansı daha çoxdur? 


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə əsasən, bu seçkilərin nəticələri Cənubi Qafqazdakı geosiyasi proseslərin inkişaf istiqamətlərinə müəyyən mənada təsir göstərəcək: 


 



 


“Çünki hazırda Ermənistanda parlament seçkiləri iki qütb arasındakı kəskin qarşıdurmanı özündə əks etdirir. Belə ki, Paşinyan hakimiyyəti bu seçkilərdə qalib gələrək Qərbə yaxınlaşma xarici siyasət kursunu eynilə davam etdirmək niyyətini büruzə verir. Paşinyan hakimiyyətinə alternativ olan siyasi düşərgə isə Rusiyaya yaxın olan qüvvələrdir. Kreml artıq Samvel Karapetyanın timsalında Ermənistana öz emissarını da göndərib və böyük ehtimalla müşahidələr də onu göstərir ki, Kreml məhz Karapetyanı dəstəkləməyə çalışacaq. Hazırda qarşı duran tərəflərdən hansının qalib gələcəyini söyləmək çox çətindir. Çünki Paşinyanın və onun siyasi komandasının nüfuzu rəqib düşərgədən, yəni Rusiyanın agentura şəbəkəsindən daha yüksək olsa da, mütləq qələbə imkanları bir qədər məhduddur. Belə ki, rəy sorğularına əsasən, respondentlərin təxminən 25 faizi Paşinyan hakimiyyətini dəstəkləyir. Onun rəqiblərinin reytinqi isə təxminən 20 faiz civarındadır, bəzi hallarda isə 20 faizdən aşağıdır. Bu da o deməkdir ki, hətta Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qalib gəlsə belə, hökumətin formalaşdırılması zamanı ciddi problemlərlə üzləşə və siyasi tərəfdaşlar axtarmaq məcburiyyətində qala bilər”.


 


Politoloqun sözlərinə görə, seçkilərin nəticələri ilə bağlı tam aydınlıq hələlik olmasa da, hər halda Paşinyan hakimiyyətinin müəyyən problemlərlə üzləşə biləcəyi qətiyyən istisna deyil: 




“Kreml Ermənistanda hakimiyyət dəyişikliyi etmək niyyətini qətiyyən gizlətmir. Bu, Rusiyanın maraqları baxımından ön plana çıxarılmış məsələlərdən biridir. Paşinyan hakimiyyəti isə Qərblə münasibətlərini daha da inkişaf etdirərək, eyni zamanda Avropa Birliyinin kənar müdaxilələrə qarşı reaksiya qrupunu Ermənistana gətirməklə sonadək mübarizə aparacağını nümayiş etdirir. Bu da onu göstərir ki, növbəti parlament seçkiləri Ermənistanda çox gərgin atmosferdə keçəcək və böyük ehtimalla, əgər Rusiyanın dəstəklədiyi agentura şəbəkəsi məğlub olarsa, bu proses hətta Ermənistanda vətəndaş qarşıdurmasına qədər inkişaf edə bilər”.


 


Bəsti Rəfizadə

Sfera.az