Fransa Prezidenti Emmanuel Makron ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında son günlər nümayiş olunan yaxın münasibətlər sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, Makronun İrəvana səfəri zamanı iki liderin səmimi davranışları diqqət çəkib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Paşinyan və Makronun İrəvan küçələrində birlikdə gəzdiyi, insanları salamladığı və qeyri-rəsmi atmosferdə ünsiyyət qurduğu əks olunub.
Ən çox müzakirə olunan məqamlardan biri isə Makronun İrəvan aeroportunda Paşinyanla vidalaşması olub. Kadrlarda Fransa liderinin təyyarəyə minərkən Paşinyana “hava öpüşü” göndərdiyi, Ermənistan baş nazirinin isə buna ürək işarəsi ilə cavab verdiyi görünür. Bir sıra media orqanları bunun diplomatik protokol çərçivəsindən kənara çıxdığını yazıb.
Makronun səfəri zamanı keçirilən dövlət ziyafətində də liderlərin qeyri-adi görüntüləri yayılıb. Belə ki, Fransa prezidenti məşhur “La Bohème” mahnısını ifa edib, Paşinyan isə ona zərb alətində müşayiət edib. Xarici media bunu “dostluğun musiqili nümayişi” kimi qiymətləndirib.
Qərb mediasında yayılan təhlillərdə Makronun Ermənistanla münasibətləri daha da gücləndirməyə çalışdığı, Paşinyana açıq dəstək verdiyi vurğulanır. Bu yaxınlıq isə həm regionda, həm də sosial mediada müxtəlif reaksiyalar doğurub.
Firuzə Əliyeva
Sfera.az