ABŞ və İran arasında Hörmüz boğazında davam edən gərginlik bölgənin ekoloji tarazlığını alt-üst edib. ABŞ tərəfindən İran tankerlərinə edilən son müdaxilə dənizdə kütləvi neft sızmasına səbəb olub.




Sfera.az xəbər verir ki, Xark adası ətrafında tankerlərin hədəf alınmasından sonra dənizə külli miqdarda neft sızıb.


 


Mütəxəssislər bu hadisəni qarşıdurmalar başladığı tarixdən bəri baş verən ən böyük ekoloji fəlakət kimi qiymətləndirirlər. İki ölkə arasındakı qarşılıqlı təhdidlərin kölgəsində qalan bu hərbi müdaxilə, təbiətə vurduğu ağır zərbə ilə ciddi narahatlıq yaradır.




ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bölgədə İran bayrağı altında üzən iki neft tankerinə müdaxilə edildiyini təsdiqləyib. Rəsmi açıqlamada bildirilir ki, “M/T Sea Star III" və “M/T Sevda" adlı boş tankerlərin Oman körfəzindəki İran limanlarına yönələrək blokadanı pozduğu təsbit edilib.




Bu inkişafdan sonra USS "George H. W. Bush" aviadaşıyıcısından qalxan F/A-18 "Super Hornet" tipli qırıcı təyyarə hər iki gəminin baca sistemlərini dəqiq idarə olunan sursatlarla vurub. Nəticədə gəmilərin limanlara daxil olmasının qarşısı alınıb.


 


CENTCOM komandanı admiral Bred Kuper məsələ ilə bağlı bildirib:




“Yaxın Şərqdəki ABŞ qüvvələri İrana daxil olan və çıxan gəmilərə tətbiq edilən blokadanın tam icrasını təmin etməkdə qərarlıdır. Heyətimiz bu istiqamətdə fövqəladə missiya yerinə yetirir".




Qeyd olunub ki, indiyədək blokada qaydalarını pozan müxtəlif kommersiya gəmiləri zərərsizləşdirilib, 50-dən çox gəmi isə marşrutunu dəyişməyə məcbur edilib.


 


Xatırladaq ki, mayın 6-da bənzər bir əməliyyatla İrana məxsus “M/T Hasna" tankerinə də müdaxilə edilmişdi. Hazırda hər üç gəmi İran istiqamətində hərəkətini dayandırıb.

Bəsti Rəfizadə

Sfera.az