Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel barəsində cinayət işi açılıb.
Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, buna səbəb partiya liderinin Ədliyyə nazirinin müavini Akın Gürlek haqqında səsləndirdiyi qalmaqallı iddialardır.
Bakırköy Respublika Baş Prokurorluğu Özgür Özelin dünən axşam saatlarında verdiyi bəyanatları əsas gətirərək hərəkətə keçib. Prokurorluqdan verilən rəsmi açıqlamada müxalifət liderinin çıxışının “ictimai asayişi və sülhü pozmağa yönəldiyi" iddia edilib.
Baş Prokurorluğun bəyanatında Özelin sözlərinin hüquqi müstəvidə ciddi fəsadlar doğurduğu vurğulanıb:
“Sözügedən ifadələrin xalqı çaşdıran və həqiqəti əks etdirməyən məlumatlardan ibarət olduğu qiymətləndirildiyi üçün, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cəza Məcəlləsinin 217/A maddəsi (ictimaiyyəti çaşdırıcı məlumatı qəsdən yayma) çərçivəsində rəsmi istintaq başladılmışdır”.
Qeyd edək ki, Özgür Özelin bu çıxışı Türkiyənin siyasi gündəmində geniş rezonans doğurub. İstintaqın gedişatı ilə bağlı yeni təfərrüatların açıqlanacağı gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az