ABŞ və İran arasında gərginlik diplomatik kanalları sınağa çəkdiyi bir vaxtda, tərəflər arasında hərbi qarşıdurma riski də artmaqdadır. Qarşılıqlı atəş açılması ilə sarsılan "kövrək atəşkəs"i xilas etmək üçün 14 maddədən ibarət yeni müzakirə planı hazırlanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton və Tehran arasındakı qarşıdurma diplomatik axtarışların kölgəsində yeni bir mərhələyə qədəm qoyub.
Ötən cümə axşamı hər iki ölkənin donanmalarının bölgədə üz-üzə gəlməsi və atəş açması regional gərginliyin pik həddə çatdığının növbəti göstəricisi olub. Bu isti təmasdan dərhal sonra tərəflərin böhranı idarə etmək üçün 14 maddəlik uzlaşma planı üzərində müzakirələrə başladığı bildirilib.
ABŞ Dövlət Departamenti mənbələrindən sızan məlumatlara görə, krizisin aradan qaldırılması üçün nəzərdə tutulan yol xəritəsi üzərində intensiv diplomatiya həyata keçirilir. Hazırda telefon vasitəsilə aparılan danışıqlarda ilkin razılıq əldə olunarsa, tərəflərin gələn həftə Pakistanın paytaxtı İslamabadda görüşəcəyi gözlənilir.
Sözügedən planın əsas detalları aşağıdakı kimidir:
Müzakirələr üçün 30 günlük müddət müəyyən edilir;
ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın yumşaldılması;
İranın Hörmüz boğazındakı məhdudiyyətləri azaltması;
Tehranın nüvə proqramı ilə bağlı yenidən masa arxasına əyləşməsi.
Diplomatik mənbələr Tehran rəhbərliyinin nüvə proqramını müzakirə etməyə hazır olduğunu, lakin "qırmızı xətlərindən" geri çəkilməyəcəyini qeyd edir. Xüsusilə, zənginləşdirilmiş uranyum ehtiyatlarından imtina edilməməsi və ABŞ sanksiyalarının tamamilə ləğvi tələbi müzakirələrin ən çətin keçəcək bəndləri hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az