Dünyanın ən stresli və ən rahat ölkələrinin yeni reytinqi açıqlanıb. Araşdırmada insanların iş həyatı, maddi vəziyyəti, sosial münasibətləri və təhlükəsizlik hissi əsas meyarlar kimi qiymətləndirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “CEOWORLD Magazine” tərəfindən hazırlanan 2025-ci il hesabatında dünyanın 197 ölkəsi müqayisə olunub.
Araşdırmaya əsasən, ən stresli ölkə Burundi seçilib. İlk beşlikdə həmçinin Cənubi Sudan, Əfqanıstan, Suriya və Malavi yer alıb.
Reytinqə görə ən az stres yaşayan ölkə isə Monako olub. Onu Lixtenşteyn, Lüksemburq, İsveçrə və İrlandiya izləyib. Tədqiqat müəllifləri bildiriblər ki, yüksək həyat keyfiyyəti, maliyyə sabitliyi və təhlükəsizlik hissi bu ölkələrdə stress səviyyəsini azaldan əsas amillərdir.
Azərbaycan da siyahıda yer alıb. Hesabata görə, ölkəmiz orta sıralarda qərarlaşıb və region ölkələri ilə müqayisədə daha stabil göstəricilər nümayiş etdirib. Araşdırmada xüsusilə maliyyə və sosial faktorların insanların gündəlik stress səviyyəsinə ciddi təsir etdiyi vurğulanıb.
Mütəxəssislər qeyd edirlər ki, uzunmüddətli stress həm fiziki, həm də psixoloji sağlamlıq üçün təhlükəlidir. Xroniki stress ürək xəstəlikləri, yuxu problemləri və depressiya riskini artırır. Buna görə də alimlər balanslı həyat tərzi, keyfiyyətli yuxu və sosial münasibətlərin qorunmasını vacib hesab edirlər.
Firuzə Əliyeva
Sfera.az