İnsanların emosiyalarını ifadə etməsinin ən təbii yollarından biri də ağlamaqdır. Lakin bəzi hallarda insan nə qədər ağır psixoloji vəziyyətdə olsa belə, ağlaya bilmir.
Sfera.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət təkcə emosional sərtlik deyil, həm də bəzi psixoloji və nevroloji problemlərin əlaməti ola bilər.
Psixoloqların sözlərinə görə, ağlaya bilməmək əsasən uzunmüddətli stress, depressiya və emosional tükənmişlik zamanı müşahidə olunur. İnsan uzun müddət hisslərini içində saxladıqda emosional reaksiyalar zəifləyir və nəticədə ağlama refleksi də azalır.
Mütəxəssislər qeyd edirlər ki, xüsusilə depressiyanın bəzi növlərində insan özünü “boşluqda” hiss edir, sevinc, kədər və həyəcan kimi emosiyaları əvvəlki kimi yaşamır. Bu vəziyyət tibbdə “emosional keyimə” adlandırılır. Belə insanlar ağlamaq istəsələr də, bunu bacarmırlar.
Nevroloqlar isə bildirirlər ki, bəzi nevroloji xəstəliklər, beyin travmaları və sinir sistemi pozuntuları da emosional reaksiyalara təsir göstərə bilər. Bundan başqa, bəzi antidepressant dərmanların uzunmüddətli istifadəsi də emosional reaksiyaların zəifləməsinə səbəb ola bilir.
Ağlaya bilməmək hər zaman xəstəlik demək deyil. Bəzi insanlar emosiyalarını fərqli formada ifadə edir. Lakin vəziyyət uzun müddət davam edirsə, insan özünü daim yorğun, hissiz və həyatdan uzaq hiss edirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, emosiyaları sıxışdırmaq əvəzinə onları sağlam şəkildə ifadə etmək psixi sağlamlığın qorunması baxımından olduqca vacibdir.
Bəsti Rəfizadə
Sfera.az