Dünya Səhiyyə Təşkilatı (DSÖ) hantavirusla bağlı son hadisələrdən sonra virusun dünya əhalisi üçün yaratdığı riskin aşağı olduğunu açıqlayıb və vəziyyətin izlənilməsinin davam etdirildiyini bildirib.


 


Sfera.az xəbər verir ki, son günlər Arjantindən Kabo-Verdeyə gedən Niderland bayraqlı “MV Hondius” kruiz gəmisində bəzi sərnişinlərdə hantavirus aşkarlanması beynəlxalq diqqətə səbəb olub.


 


DSÖ-nün məlumatına görə, 2 mayda gəmidə ciddi respirator xəstəlik əlamətləri olan hallar barədə xəbərdarlıq edilib. Həmin vaxt gəmidə 147 sərnişin və heyət üzvü olub, 34 nəfər isə daha əvvəl gəmidən ayrılıb.


 


8 may tarixinə qədər 3 ölüm daxil olmaqla ümumilikdə 8 şübhəli yoluxma qeydə alınıb. Onlardan 6-sı laborator təsdiqini tapıb və “Andes” tipli hantavirus olduğu müəyyən edilib.


 


DSÖ bildirib ki, qlobal risk aşağı səviyyədə qiymətləndirilsə də epidemioloji monitorinq və risk qiymətləndirməsi davam etdiriləcək. Gəmidə olan sərnişin və heyət üçün risk isə orta səviyyədə hesab olunur.


 


Hantavirus nədir?


 


Hantavirus əsasən gəmiricilərdən insana keçən infeksiyadır. Yoluxma daha çox gəmiricilərin nəcisi, sidiyi və tüpürcəyinin quruyaraq havaya qarışan hissəciklərinin nəfəs alınması ilə baş verir. Daha nadir hallarda dişləmə və ya cızılma ilə də yoluxa bilər.


 


Xəstəlik ilkin mərhələdə qızdırma, yorğunluq və əzələ ağrıları ilə özünü göstərir. Ağır hallarda isə nəfəs çatışmazlığı, böyrək zədələnməsi və daxili qanaxma kimi ciddi fəsadlara yol aça bilər.


 


 


Mənsumə




Sfera.az