ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 9–11 may tarixlərini əhatə edən 3 günlük müvəqqəti atəşkəs elan edildiyini açıqlayıb. Tramp bildirib ki, bu təşəbbüs birbaşa onun özündən gəlib.


 


Sfera.az xəbər verir ki, o, sosial şəbəkə hesabında etdiyi paylaşımda tərəflərin bu müddət ərzində bütün hərbi əməliyyatları dayandıracağını və həmçinin 1000 əsirin qarşılıqlı şəkildə dəyişdiriləcəyini qeyd edib.


 


“Bu atəşkəs bütün hərbi fəaliyyətlərin dayandırılmasını və hər iki tərəfdən 1000 əsirin mübadiləsini nəzərdə tutur,” – deyə ABŞ lideri vurğulayıb.


 


Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin bu razılaşmaya müsbət yanaşmasından məmnun olduğunu bildirib:


“Ümid edirəm ki, bu addım uzun, qanlı və çətin müharibənin sonunun başlanğıcı olar.”


 


ABŞ Prezidenti əlavə edib ki, tərəflər arasında danışıqlar davam edir və münaqişənin həlli istiqamətində irəliləyiş var:


 


“Bu böyük qarşıdurmanı bitirmək üçün müzakirələr davam edir və hər gün həllə bir addım daha yaxınlaşırıq.”


 


Qeyd edək ki, Rusiya tərəfi də artıq 8–9 may tarixlərində “Qələbə Günü” münasibətilə müvəqqəti atəşkəs elan edib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, bu qərar Sovet İttifaqının İkinci Dünya Müharibəsində qələbəsinin ildönümü ilə əlaqədardır və Ukraynanın da buna riayət etməsi gözlənilir.


 


 


Mənsumə 




Sfera.az