Dünya enerji bazarında gərginlik pik həddə çatıb. ABŞ Prezidenti Donald Trampın İranın sülh təklifinə verdiyi sərt reaksiya neft qiymətlərini yenidən alovlandırıb.


 


Sfera.az "Reuters”ə istinadən xəbər verir ki, bazar ertəsi günü keçirilən hərraclarda neft qiymətləri təxminən 4 dollar bahalaşıb. Qiymət artımına əsas səbəb Trampın İranın təklifini "qəbuledilməz" adlandırması və Hörmüz boğazının böyük ölçüdə bağlı qalmasıdır. Hərracların gedişində qeydə alınan rəqəmlər bazarda ciddi narahatlığın olduğunu göstərib.


 


“Brent” markalı neftin fyuçersləri 3,99% (4,04 dollar) bahalaşaraq bir barel üçün 105,33 dollar təşkil edib. WTI (U.S. West Texas Intermediate) markalı neft isə 4,64% (4,43 dollar) artaraq 99,85 dollara yüksəlib. Qeyd edək ki, ötən həftə Hörmüz boğazı vasitəsilə daşımaların bərpa olunacağı ümidi ilə qiymətlər 6% ucuzlaşmışdı. Lakin son diplomatik uğursuzluq bu tendensiyanı tamamilə tərsinə çevirib. İndi bütün dünyanın diqqəti Trampın Çinə edəcəyi səfərə yönəlib. ABŞ rəsmilərinin verdiyi məlumata görə, Tramp Çin sədri Si Cinpin ilə İran məsələsini müzakirə edəcək. Analitiklərin fikrincə, Pekinin Tehrana təsir imkanlarından istifadə edərək Hörmüz boğazındakı gərginliyi azaltmaq ehtimalı bazarlar üçün yeganə ümid işığıdır.


 


Bəsti Rəfizadə


Sfera.az