Azərbaycanda soğanın topdansatış qiymətinin kəskin ucuzlaşması fermerləri çətin vəziyyətə salıb.
Sfera.az xəbər verir ki, bunu . İqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, hazırda ölkədə soğanın topdansatış qiyməti 6,5 qəpiyə qədər düşüb və fermerlər məhsulu maya dəyərinə belə sata bilmirlər.
İqtisadçı qeyd edib ki, bəzi fermerlər 30 kiloqramlıq kisə soğanı 2 manata sata bilmədiklərini deyirlər. Onun sözlərinə görə, hətta boş kisənin qiyməti 1 manatdır.
N.Cəfərli xatırladıb ki, 2024-2025-ci illərdə Türkiyədə soğan qiymətlərinin kəskin bahalaşması Azərbaycana da təsir etmişdi. Həmin dövrdə qiymət artımını görən bir çox fermer soğan əkininə üstünlük verdi. Lakin onun fikrincə, aidiyyəti qurumlar bazardakı vəziyyəti düzgün planlaşdırmadığı üçün indi artıq məhsul yaranıb və fermerlər zərərə düşüb.
İqtisadçı bildirib ki, kənd təsərrüfatı sahəsində uzunmüddətli planlaşdırma və fermerlərə istiqamətverici mexanizmlər çatışmır. O, həmçinin fermerlərlə iri market şəbəkələri arasında birbaşa satış mexanizminin qurulmamasını da tənqid edib.
N.Cəfərli hesab edir ki, bu il zərər edən fermerlərin gələn il soğan əkinindən imtina etməsi bazarda məhsul qıtlığı yarada bilər.
“İndidən demək olar ki, 2027-ci ildə soğan yenidən baha olacaq”, - o vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az