İranın dövlət televiziyası ABŞ tərəfindən təqdim olunan yeni planı "təslimiyyət diktəsi" adlandıraraq qəti şəkildə rədd etdiklərini açıqlayıb.
Rəsmi Tehran bu təklifin ölkənin suverenlik hüquqlarını zəiflətdiyini iddia edərək, Vaşinqtona sərt şərtlər qoyub.
Sfera.az xəbər verir ki, İran dövlət televiziyasında yayımlanan bəyanatda ABŞ-nin təklif etdiyi layihənin İranın müstəqilliyinə zərbə vurduğu vurğulanıb. Bildirilib ki, Tehran Donald Trampın "hədsiz tələbləri" qarşısında geri addım atmayacaq: “Tehran, Trampın aşırı tələbləri qarşısında İranın faktiki təslim olması mənasına gələn ABŞ planını rədd edib”. İran tərəfi yalnız təklifi rədd etməklə kifayətlənməyib, eyni zamanda Vaşinqtona öz əks-təkliflərini təqdim edib.
Tehranın tələbləri arasında aşağıdakı bəndlər diqqət çəkib: ABŞ-nin İrana vurduğu zərərə görə təzminat ödəməsi; Hörmüz Boğazı üzərində İranın tam suverenliyinin tanınması; Sanksiyaların tamamilə ləğvi və dondurulmuş maliyyə aktivlərinin dərhal sərbəst buraxılması.
ABŞ Prezidenti Donald Tramp isə İranın bu cavabını "qəbulolunmaz" adlandırıb.
Trampın bu çıxışı tərəflər arasındakı diplomatik körpülərin yanma təhlükəsi ilə üz-üzə olduğunu və ritorikanın daha da sərtləşəcəyini göstərir. Xatırladaq ki, iki ölkə arasındakı böhran əsasən nüvə proqramı, iqtisadi sanksiyalar və regional təhlükəsizlik məsələləri ətrafında düyünlənib.
Bəsti Rəfizadə
Sfera.az