Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 12-də Qətərə səfər edəcək. Səfər çərçivəsində Hörmüz boğazındakı vəziyyət, regional təhlükəsizlik və Yaxın Şərqdəki son proseslər müzakirə olunacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.


 


Məlumata görə, Hakan Fidan danışıqlar zamanı Ankaranın Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı gözləntilərini qarşı tərəfə çatdıracaq. Türkiyə tərəfi bunun regional təhlükəsizlik və iqtisadi sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayacaq.


 


Nazirin həmçinin Fars körfəzindəki gərginliyin diplomatik yollarla həllinin vacibliyini qeyd edəcəyi və bu istiqamətdə həyata keçirilən təşəbbüslərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.


 


Mənbənin sözlərinə görə, Fidan regionda baş verən hadisələrin hərbi və hərbi-texniki əməkdaşlığın əhəmiyyətini bir daha artırdığını da diqqətə çatdıracaq.


 


Səfər çərçivəsində İsrailin Qəzza və İordan çayının qərb sahilində həyata keçirdiyi əməliyyatlar, eləcə də yaranan humanitar vəziyyət də gündəmdə olacaq. Türkiyə tərəfi həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının bölgədə daha böyük qeyri-sabitliyin qarşısını almaq üçün vacib olduğunu vurğulayacaq.


 


Qeyd edək ki, Hakan Fidan bundan əvvəl 2026-cı ilin mart ayında da Qətərə səfər etmişdi.


 


Fidan Hacızadə

Sfera.az