Dünya mediasında hantavirus epidemiyası ilə gündəmə gələn "MV Hondius" kruiz gəmisi Kanar adalarındakı yerləşən Granadilla de Abona limanına lövbər salıb.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi gəmidən sərnişinlərin təxliyəsinə başlanıldığını açıqlayıb.


 


Məlumata görə, təxliyə edilənlər arasında Fransa və ABŞ vətəndaşları da var. Bunun ardından hər iki ölkənin səhiyyə qurumları məsələ ilə bağlı açıqlama yayıb.


 


Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, gəmidən təxliyə edilən beş Fransa vətəndaşından birinin hantavirus testi müsbət çıxıb. Onun sözlərinə görə, digər dörd nəfərin test nəticəsi mənfi olub və bütün sərnişinlər Parisdə karantinə alınacaq.


 


ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi də gəmidən təxliyə edilən 17 ABŞ vətəndaşının vəziyyəti barədə məlumat yayıb. Açıqlamada qeyd olunub ki, sərnişinlərdən ikisi yaxından müşahidə altındadır. Onlardan birində hantavirus testi zəif müsbət nəticə verib, digər şəxsdə isə yüngül simptomlar müşahidə olunub.


 


Hazırda səhiyyə qurumları sərnişinlərin vəziyyətini izləyir və əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.


 


Fidan Hacızadə

Sfera.az