Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin geosiyasi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulda Belçika Kraliçası Matilda ilə görüş zamanı çıxış edən Ərdoğan qeyd edib ki, bölgədə baş verən son hadisələr Ankara ilə Aİ arasındakı əməkdaşlığın strateji önəmini bir daha ortaya qoyub.


 


Türkiyə lideri vurğulayıb ki, Gömrük İttifaqının yeni şərtlərə uyğun şəkildə yenilənməsi və Türkiyənin Aİ-yə tam üzvlük prosesinin sürətləndirilməsi prioritet məsələlər sırasındadır.


 


Ərdoğanın sözlərinə görə, Türkiyənin Aİ-nin müdafiə təşəbbüslərində iştirakı da ortaq maraqlara cavab verir:




“Bölgəmizdə baş verən son hadisələr Türkiyə ilə Aİ arasındakı münasibətlərin geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirib. Gömrük İttifaqının yeni şərtlərə uyğun yenilənməsi Türkiyənin tam üzvlüyünə qədər olan dövrdə təcili həll tələb edən prioritet vəzifələrdəndir və Aİ müdafiə təşəbbüslərində iştirakımız ortaq maraqlara uyğundur”.


 


Ərdoğan əlavə edib ki, Türkiyə ilə Belçika arasında ticarət, müdafiə sənayesi, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur.




Türkiyə prezidenti yaşıl enerjini də iki ölkə arasında əsas əməkdaşlıq istiqamətlərindən biri adlandırıb. O bildirib ki, Türkiyə bərpa olunan enerji mənbələri potensialına görə Avropanın aparıcı ölkələri sırasındadır.


 


Qeyd edək ki, Türkiyə 2005-ci ildən etibarən rəsmi şəkildə Avropa İttifaqına tamhüquqlu üzvlük üçün namizəd statusundadır. Ərdoğan daha əvvəlki çıxışlarında Aİ-nin Türkiyəyə əvvəlkindən daha çox ehtiyac duyduğunu da vurğulamışdı.


 


Fidan Hacızadə

Sfera.az