Dünyada turizm sektoru pandemiyadan sonrakı dövrdə sürətlə bərpa olunub.
Sfera.az xəbər verir ki, BMT-nin turizm qurumu olan “UN Tourism”in məlumatına görə, 2024-cü ildə beynəlxalq turist səfərlərinin sayı təxminən 1,4 milyarda çatıb.
Bu göstərici turizmin artıq pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdığını göstərir.
Araşdırmalara əsasən, ötən il turistlərin ən çox səfər etdiyi ölkə Fransa olub. Ölkəyə il ərzində 102 milyondan çox xarici turist səfər edib. Paris, Eyfel qülləsi, Luvr Muzeyi və zəngin mədəniyyət Fransa turizminin əsas üstünlükləri hesab olunur.
Siyahıda ikinci yerdə İspaniya qərarlaşıb. Ölkəyə 93,8 milyon turist gəlib. Xüsusilə Aralıq dənizi sahilləri, Barselona və Madrid kimi şəhərlər turistlərin ən çox seçdiyi istiqamətlər arasında olub.
Üçüncü yerdə isə ABŞ yer alıb. ABŞ 2024-cü ildə 72,4 milyon beynəlxalq turist qəbul edib.
Ən çox turist qəbul edən ölkələr arasında Türkiyə də diqqət çəkib. Qardaş ölkəyə ötən il 60,6 milyon turist səfər edib. İstanbul, Antalya və Bodrum kimi şəhərlər xüsusilə yay mövsümündə turist axını ilə seçilib.
Fidan Hacızadə
Sfera.az