Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının (Aİ) Kiyevə hərbi dəstəyi gündəmdə qalmaqda davam edir. Son dövrlərdə Aİ daxilində Ukraynaya yardımın koordinasiyasını gücləndirmək və üzv ölkələrin öhdəliklərini daha aydın şəkildə müəyyənləşdirmək istiqamətində müzakirələr intensivləşib. Bu kontekstdə Avropa Komissiyasının hazırladığı yeni “hərbi yardım xəritəsi” diqqətçəkən addımlardan biri hesab olunur. Avropa Komissiyası Ukrayna üçün Aİ ölkələrinin Kiyevə hərbi yardım təklif etməyə hazır olduqlarını göstərən xəritə hazırlamağa başlayıb.
Bəs görəsən, Avropa Komissiyasının Ukrayna ilə bağlı hazırladığı bu “hərbi yardım xəritəsi” hansı məqsədlərə xidmət edir? Bu addım müharibənin gedişinə real təsir göstərə biləcəkmi?
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Avropa Komissiyasının Ukrayna ilə bağlı hazırladığı hərbi yardım xəritəsi ilk növbədə Avropa İttifaqının müharibəyə dair koordinasiya mexanizmini gücləndirmək məqsədi daşıyır.
Onun sözlərinə görə, bu xəritədə Aİ ölkələrinin Kiyevə hansı növ hərbi yardım göstərməyə hazır olduqları, hansı sahələrdə imkanlarının olduğu və gələcək öhdəliklərin sistemləşdirilməsi nəzərdə tutulub:
“Bu, onu göstərir ki, Brüssel artıq Ukraynaya yardım məsələsinə epizodik deyil, uzunmüddətli strateji təhlükəsizlik layihəsi kimi yanaşır. Əslində bu addımın bir neçə mühüm məqsədi var. Birinci məqsəd Aİ daxilində koordinasiyanı artırmaqdır. Müharibənin əvvəlindən etibarən Ukraynaya yardım əsasən ayrı-ayrı dövlətlərin milli qərarları əsasında həyata keçirilirdi. Nəticədə bəzi ölkələr böyük həcmdə silah və maliyyə yardımı ayırdığı halda, digərləri daha ehtiyatlı davranırdı. Yeni xəritə isə resursların bölgüsünü daha sistemli şəkildə idarə etməyə imkan verəcək. Hansı ölkənin hava hücumundan müdafiə sistemləri, hansının sursat və ya texnika təminatı verə biləcəyi əvvəlcədən müəyyənləşdiriləcək. Bu, həm logistikanı sürətləndirə, həm də təkrarlanan və ya qeyri-effektiv yardımların qarşısını ala bilər”.
Politoloq qeyd edib ki, digər mühüm məqsəd Avropanın müdafiə siyasətinin institusionallaşdırılmasıdır:
“Son illərdə Avropa İttifaqı təhlükəsizlik sahəsində ABŞ-dən asılılığını azaltmağa çalışır. Xüsusilə Donald Trampın qərarları və Vaşinqtonun gələcəkdə Avropaya əvvəlki qədər hərbi dəstək verməyə biləcəyi ehtimalı Brüsseli daha müstəqil təhlükəsizlik sistemi qurmağa sövq edir. Bu baxımdan Ukrayna müharibəsi Aİ üçün yalnız regional böhran deyil, həm də “Avropa müdafiə ittifaqı” ideyasının sınaq meydanına çevrilib. Avropa Komissiyasının müdafiə hazırlığı və ortaq silah istehsalı ilə bağlı planları da bunu göstərir. Digər tərəfdən, bu xəritə siyasi mesaj xarakteri də daşıyır. Brüssel Moskva və Vaşinqtona göstərmək istəyir ki, Ukraynaya dəstək artıq yalnız ayrı-ayrı dövlətlərin təşəbbüsü deyil, ümumi Avropa siyasətidir. Bu, xüsusilə Rusiyaya qarşı strateji təzyiq vasitəsi kimi nəzərdə tutulur. Çünki Kremlin əsas hesablamalarından biri Qərb daxilində parçalanmanın dərinləşməsi idi. Aİ isə bu cür mexanizmlərlə birliyin qorunduğunu nümayiş etdirməyə çalışır”.
Müsahibimizin fikrincə, hərbi yardım xəritəsinin müharibənin taleyini dəyişəcəyi barədə qəti fikir söyləmək çətindir:
“Çünki müharibənin gedişinə təsir edən əsas faktor yalnız yardımın həcmi deyil, onun operativliyi və keyfiyyətidir. Ukrayna üçün hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər və sursat təminatı hələ də əsas problem olaraq qalır. Əgər xəritə real və sürətli qərar mexanizminə çevrilərsə, bu, Ukraynanın müdafiə imkanlarını gücləndirə bilər. Lakin Aİ daxilində fikir ayrılıqları və bəzi ölkələrin ehtiyatlı mövqeyi prosesin effektivliyini zəiflədə bilər”.
Niyaz Hacıyev
Sfera.az