İranın paytaxtı Tehran hazırda tamamilə fərqli iki mənzərə ilə diqqət çəkir. Bir tərəfdə iqtisadi böhran, işsizlik və bahalaşma ilə mübarizə aparan insanlar, digər tərəfdə isə ABŞ və İsrail əleyhinə aksiyalar keçirən rejim tərəfdarları var.
Sfera.az xəbər verir ki, 2025-ci ildə İsraillə yaşanan “12 günlük müharibə”nin təsirlərindən çıxmağa çalışan İran son aylarda yeni böhranlarla üzləşib.
Valyuta məzənnəsinin rekord həddə yüksəlməsi, mağazaların bağlanması və hava hücumları ölkədə vəziyyəti daha da ağırlaşdırıb.
“Middle East Eye” nəşrinin məlumatına görə, ABŞ və İran arasında atəşkəs elan edilsə də, iqtisadi problemlər davam edir. Ərzaq və dərman qiymətləri kəskin bahalaşıb, sənaye müəssisələrinə hücumlar isə işsizliyi artırıb.
Tehranlı müəllim yaşananları belə təsvir edib:
“Əvvəl etirazlar, sonra isə müharibə başladı. Hər şey yavaşladı və həyat daha da ağırlaşdı”.
Şəhərin digər hissələrində isə rejim tərəfdarlarının təşkil etdiyi tədbirlər davam edir. Aksiyalarda İran bayraqları qaldırılır, ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilir. Lakin bir çox iranlı bu tədbirlərin xalqın əsas problemlərini kölgədə qoyduğunu düşünür.Digər tərəfdən, 73 gündür davam edən internet məhdudiyyətləri də ölkədə narazılığı artırır. Yalnız müəyyən şəxslərin baha qiymətə “pro internet” paketlərindən istifadə edə bildiyi bildirilir.
Mənsumə
Sfera.az