Milli Məclisin sədri parlamentin iclasında 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı çıxış edib.
Sfera.az xəbər verir ki, sədr İkinci Dünya müharibəsi illərində Azərbaycanın göstərdiyi xidmətlərdən danışaraq bildirib ki, həmin dövrdə Azərbaycandan 700 minə yaxın insan cəbhəyə yollanıb, azərbaycanlılardan ibarət 5 milli diviziya yaradılıb. O qeyd edib ki, 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geri qayıtmayıb.
S.Qafarova vurğulayıb ki, Azərbaycan əsgər və zabitləri döyüş meydanlarında böyük qəhrəmanlıq göstəriblər. Onun sözlərinə görə, 400 mindən çox azərbaycanlı müxtəlif döyüş orden və medalları ilə təltif olunub, 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Milli Məclisin sədri qeyd edib ki, müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərildiyini xatırladan sədr Azərbaycan yanacağının qələbənin əldə edilməsində mühüm rol oynadığını bildirib.
Çıxışında veteranlara göstərilən dövlət qayğısına da toxunan Sahibə Qafarova İkinci Dünya müharibəsi iştirakçılarının hər zaman diqqət mərkəzində saxlanıldığını vurğulayıb, həlak olan həmvətənlərin xatirəsinin ehtiramla yad edildiyini deyib.
Sədr əlavə edib ki, İkinci Dünya müharibəsində formalaşmış qəhrəmanlıq ənənələri 75 il sonra Azərbaycan xalqının övladları tərəfindən İkinci Qarabağ müharibəsində də davam etdirilib. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərə bağlılıq və torpaq uğrunda fədakarlıq xalqımızın genetik yaddaşında yaşayır.
Firuzə Əliyeva
Sfera.az