Milli Məclisin sədri parlamentin bugünkü iclasında ümummilli liderin dövlətçilik fəaliyyətindən danışıb.


 


Sfera.az xəbər verir ki, sədr bildirib ki, Heydər Əliyevin keçdiyi həyat yolu xalqa və vətənə sədaqətin nümunəsinə çevrilib. 


 


O qeyd edib ki, 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə böyük inkişaf yolu keçib, gələcək müstəqillik üçün güclü iqtisadi potensial formalaşdırılıb və həmin illər tarixə mədəni intibah dövrü kimi daxil olub.


 


S.Qafarova bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan ciddi siyasi və hərbi böhranlarla üzləşmişdi. O vurğulayıb ki, məhz 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin olunmasına, vətəndaş qarşıdurmasının qarşısının alınmasına və dövlət müstəqilliyinin qorunmasına imkan verdi.


 


Milli Məclisin sədri əlavə edib ki, Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb, Konstitusiya qəbul olunub və Azərbaycanın uzunmüddətli inkişaf modeli yaradılıb.


 


Çıxışında Prezident İlham Əliyevin fəaliyyətinə də toxunan Sahibə Qafarova bildirib ki, son illərdə ölkənin iqtisadi, siyasi və hərbi gücü daha da möhkəmlənib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanılıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.


 


Sədr həmçinin ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmalarını prezident İlham Əliyevin sülh diplomatiyasının uğuru kimi qiymətləndirib. Onun sözlərinə görə, bu razılaşmalar Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni mərhələnin başlanğıcı olub.


 


Sahibə Qafarova vurğulayıb ki, Heydər Əliyevin siyasi irsi və ideyaları Azərbaycan xalqının gələcək inkişaf yolunda da mühüm rol oynamaqda davam edəcək.


 


Firuzə Əliyeva

Sfera.az