Kembric Universitetində aparılan yeni araşdırmalar zəkanın genetik ötürülməsi ilə bağlı illərdir davam edən müzakirələrə yeni baxış gətirib.


 


Sfera.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, uşaqların koqnitiv qabiliyyətlərinin formalaşmasında anaların genetik rolu daha üstün ola bilər. Araşdırmada bildirilib ki, zəka ilə əlaqəli genlərin böyük hissəsi X xromosomu üzərində yerləşir. Qadınların iki X xromosomuna sahib olması isə bu genlərin uşaqlara ötürülmə ehtimalını artırır. Alimlər hesab edir ki, bu xüsusiyyət anaların intellektual miras baxımından daha dominant rol oynamasına səbəb olur.


 


Tədqiqat zamanı ana və ata genlərinin beyində fərqli sahələrdə fəaliyyət göstərdiyi də müəyyən olunub. Məlumata görə, anadan gələn genlər əsasən yaddaş, dil və mürəkkəb düşünmə proseslərini idarə edən serebral korteksdə aktivlik göstərir. Atadan ötürülən genlərin isə daha çox emosional reaksiyalar, instinktlər və fiziki inkişafla əlaqəli olan limbik sistemdə təsirli olduğu qeyd edilir.


 


Bununla yanaşı, alimlər zəkanın yalnız genetika ilə müəyyən olunmadığını vurğulayırlar. Mütəxəssislərin fikrincə, uşağın böyüdüyü ailə mühiti, valideyn qayğısı, qidalanma və erkən inkişaf dövründə aldığı dəstək də intellektual potensialın formalaşmasında mühüm rol oynayır. Araşdırma ana ilə uşaq arasındakı əlaqənin yalnız emosional deyil, həm də bioloji baxımdan böyük əhəmiyyət daşıdığını göstərən diqqətçəkən nəticələrdən biri kimi qiymətləndirilir.


 


Fidan Hacızadə


Sfera.az