“İrana qarşı Amerika-İsrail hərbi əməliyyatı qlobal enerji bazarının yenidən bölüşdürülməsini tələb edir. Bu vəziyyətin ABŞ-dən neft almağa yönəldilməsi effektiv şəkildə təmin edilib”.
Bunu ABŞ Prezidenti Donald Trump bildirib.
Maraqlıdır, Trampın bu fikri nəyi ifadə edir? Bu prosesin neft qiymətlərinə təsiri necə ola bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Donald Trampın bu açıqlaması onu göstərir ki, ABŞ Yaxın Şərqdə artan təhlükəsizlik riskləri və xüsusilə İran ətrafında yaranan hərbi gərginlik fonunda dünya enerji bazarında yeni asılılıq formalaşdırmağa çalışır.
Onun sözlərinə görə, məqsəd odur ki, Avropa və Asiya ölkələri riskli bölgələrdən gələn neftə daha az güvənsin və alternativ kimi ABŞ neftinə üstünlük versinlər:
“İran bölgədə böyük enerji oyunçularından biridir və Hörmüz boğazı vasitəsilə dünya neft tədarükünün mühüm hissəsi daşınır. Əgər ABŞ-İsrail əməliyyatları nəticəsində bölgədə təhlükəsizlik zəifləyərsə, bazarlarda neft çatışmazlığı qorxusu yaranır. Bu isə adətən qiymətlərin yüksəlməsinə səbəb olur. ABŞ isə həm böyük istehsalçı, həm də ixracatçı kimi bundan iqtisadi üstünlük əldə edə bilər”.
Müsahibimiz qeyd edib ki, belə vəziyyətdə neft qiymətləri qısamüddətli dövrdə sürətlə arta bilər:
“Çünki investorlar və dövlətlər risk faktorunu qiymətlərə əlavə edirlər. Xüsusilə Hörmüz boğazında hər hansı bağlanma və ya hücum ehtimalı bazarda təlaş yarada bilər. Amma uzunmüddətli perspektivdə ABŞ və digər istehsalçı ölkələr hasilatı artırarsa, qiymətlər müəyyən qədər sabitləşə bilər. Siyasi baxımdan isə bu proses Yaxın Şərqdə gərginliyi daha da artırmaq riski daşıyır. İran buna cavab olaraq regiondakı müttəfiqləri vasitəsilə təzyiq göstərə, İsrail və ABŞ bazalarına qarşı dolayı addımlar ata bilər. Bu isə təkcə hərbi deyil, diplomatik böhranı da dərinləşdirə bilər. Eyni zamanda Çin və Rusiya kimi ölkələr də bölgədə ABŞ təsirinin artmasına qarşı çıxmağa çalışa bilər”.
Niyaz Hacıyev
Sfera.az