İranla müharibənin yaratdığı gərginlik dünya iqtisadiyyatına ciddi təsir göstərsə də bəzi iri şirkətlər böhrandan milyardlarla dollar qazanc əldə edib.


 


Xüsusilə enerji, müdafiə sənayesi və maliyyə sektorunda fəaliyyət göstərən nəhəng şirkətlər rekord gəlirlər açıqlayıblar.


 


Sfera.az xəbər verir ki, Hörmüz boğazında yaranan böhran neft və qaz bazarında qiymətlərin sürətlə artmasına səbəb olub. Ekspertlər bildiriblər ki, dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi bu marşrutda problemlərin yaranması qlobal iqtisadiyyata ağır təsir göstərə bilər. Buna baxmayaraq, enerji şirkətləri mənfəətlərini əhəmiyyətli dərəcədə artırıblar. "Shell" 2026-cı ilin ilk rübündə 6,9 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. BP isə mənfəətini ikiqat artıraraq 3,2 milyard dollara çatdırıb.


 


Müharibə müdafiə sənayesinə də böyük qazanc gətirib. "BAE Systems" sifarişlərin artdığını bildirərək gəlirlərinin daha da yüksələcəyini açıqlayıb. ABŞ-nin texnologiya şirkəti "Palantir Technologies" isə süni intellekt əsaslı müdafiə sistemlərinə görə diqqət mərkəzinə düşüb. Şirkətin gəlirlərində ciddi artım qeydə alınıb. Qlobal bazarlardakı qeyri-müəyyənlik böyük bankların da gəlirlərini artırıb.


 


2JPMorgan Chase" ilk rübdə 16,5 milyard dollar xalis mənfəət əldə etdiyini bildirib. Goldman Sachs isə mənfəətinin 19 faiz artaraq 5,6 milyard dollara çatdığını açıqlayıb. Analitiklər hesab edirlər ki, müharibələr və geosiyasi böhranlar dünya iqtisadiyyatına mənfi təsir göstərsə də bəzi iri korporasiyalar bu vəziyyətdən böyük maliyyə qazancı əldə etməyə davam edir.


 


Mənsumə


Sfera.az