Son dövrlərdə insanların həyat tərzində baş verən dəyişikliklər, texnologiyadan daha çox istifadə və gündəlik stressin artması yuxu rejiminə də birbaşa təsir göstərir. Bir çox insan gec saatlara qədər oyaq qalmaqdan, yuxuya gedə bilməməkdən və ya keyfiyyətsiz yuxudan şikayət edir. Bu vəziyyət artıq tək-tək hallar deyil, genişyayılmış bir problem kimi diqqət çəkir. Son zamanlar insanlar gecə gec saatlara qədər oyaq olduqlarını və yata bilmədiklərini dilə gətirirlər.
Maraqlıdır, son dövrlərdə insanlar arasında yuxu pozuntularının artmasının əsas psixoloji səbəbləri nələrdir və stress, sosial media, gündəlik gərginlik kimi faktorlar insanın yuxu keyfiyyətinə necə təsir edir?
Psixoloq Ofelya Məmmədova Sfera.az-a açıqlamasında bildirib ki, insanlar artıq bədən yorğunluğundan deyil, beyin yorğunluğundan yata bilmirlər.
Onun sözlərinə görə, son dövrlərdə gecə gec saatlara qədər oyaq qalmaq, yata bilməmək və keyfiyyətsiz yuxu problemi cəmiyyətdə daha çox müşahidə olunur:
“Bu vəziyyət artıq təkcə həyat tərzi problemi deyil, həm də müasir dövrün psixoloji nəticəsidir. Əvvəllər insanı daha çox fiziki yorğunluq yuxusuz qoyurdusa, indi əsas problem zehni və emosional yüklənmədir. Müasir insanın beyni gün ərzində həddindən artıq informasiya qəbul edir. Sosial media, xəbərlər, sürətli həyat tempi, gələcək narahatlığı və daimi müqayisə hissi beynin istirahət etməsinə imkan vermir. Psixologiyada buna "zehni hiperaktivlik" deyilir. İnsan yatağa uzansa belə, beyin aktiv qalır. Gün ərzində basdırılan emosiyalar və düşüncələr gecə daha güclü şəkildə ortaya çıxır. Xüsusilə "overthinking", yəni həddindən artıq düşünmək problemi insanların yuxu rejimini ciddi şəkildə pozur. İnsan gecə saatlarında keçmiş hadisələri analiz edir, gələcəklə bağlı ssenarilər qurur, narahatlıqları beynində təkrar yaşayır. Burada ən böyük təsir faktorlarından biri də sosial mediadır. İnsanlar gecə yatmazdan əvvəl saatlarla telefonda vaxt keçirirlər. Ekranlardan yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır və orqanizm yuxu rejiminə keçə bilmir”.
Psixoloq vurğulayıb ki, digər mühüm məqam isə "revenge bedtime procrastination" (İntiqam xarakterli yuxu gecikdirməsi) adlanan psixoloji vəziyyətdir:
“Bu hal insanın gün ərzində özünə vaxt ayıra bilmədiyi üçün gecə yatmağı bilərəkdən gecikdirməsi ilə xarakterizə olunur. Nəticədə xroniki yuxusuzluq yaranır və bu vəziyyət təkcə yorğunluq deyil, həm də emosional balansın pozulması, diqqət zəifliyi, yaddaş problemləri və immun sistemin zəifləməsi ilə nəticələnir. Uzun müddətdə isə təşviş, depressiv hallar və panik atak riskini artıra bilir. Buna görə də yatmazdan əvvəl ekranlardan uzaq qalmaq, yuxu rejimini sabitləşdirmək və beynə istirahət üçün şərait yaratmaq olduqca vacibdir”.
Niyaz Hacıyev
Sfera.az