Türkiyəli müğənni Yusuf Güney narkotik və stimullaşdırıcı maddə tərkibli “Ayahuasca” çayının təbliği ittihamı ilə başladılan istintaq çərçivəsində ev dustaqlığına buraxılıb.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları rəqəmsal platformada yayımlanan proqramlardan birində Yusuf Güneyin “Ayahuasca” çayı ilə bağlı səsləndirdiyi fikirləri araşdırıb. Aparılan yoxlamalar zamanı həmin çayın tərkibində qadağan olunmuş maddələr siyahısında yer alan DMT maddəsinin olduğu müəyyən edilib. Araşdırmaların ardından saxlanılan sənətçi məhkəmə qarşısına çıxarılıb və 9 aprel tarixində barəsində həbs qətimkan tədbiri seçilib.


 


Məhkəmə son iclasda Yusuf Güneyin məhkəmə nəzarəti altında ev dustaqlığına buraxılması barədə qərar qəbul edib. Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhur şəxsləri əhatə edən geniş narkotik istintaqı çərçivəsində 8 oktyabr 2025-ci ildən etibarən bir sıra əməliyyatlar həyata keçirilir. İstintaq çərçivəsində musiqiçilər, menecerlər və iş adamları daxil olmaqla bir çox tanınmış şəxsdən ifadə alınıb, həmçinin qan və saç nümunələri götürülüb. Bəzi şəxslər barəsində isə həbs qərarı verilib.


 


Fidan Hacızadə


Sfera.az